Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklər və zorakılıqlar heç zaman unudulmayacaqdır
Oğuz, 31 mart (AZƏRTAC). Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklər və zorakılıqlar heç zaman unudulmayacaqdır.
Bu fikirlər 31 Mart- Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Oğuz Rayon İcra hakimiyyətində keçirilən elmi-praktiki konfransda səslənmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə erməni millətçilərinin ötən əsrlərdən başlayaraq azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin mahiyyəti, məkrli qonşularımızın zaman-zaman xalqımızın başına gətirdikləri faciələrdən ətraflı bəhs edilmiş, həmvətənlərimizin düçar olduqları müsibətlər barədə söhbət açılmışdır.
Məruzə və çıxışlarda XIX əsrin əvvəllərində ermənilərin İran və digər ərazilərdən köçürülərək Azərbaycan torpaqlarında yerləşdirilməsi, 1918-ci ilin mart qırğınları, daşnakların həyata keçirdiyi bədnam “böyük Ermənistan” siyasəti və Qafqazın milli qırğınlar alovuna bürünməsi, XX əsrin ortalarında azərbaycanlıların Ermənistandakı tarixi etnik torpaqlarından kütləvi surətdə qovulması, ötən əsrin sonlarında ermənilərin Azərbaycan torpaqlarına yeni iddiaları, Qarabağ müharibəsi, bir milyona yaxın həmvətənimizin doğma torpaqlarından qovulması və digər məsələlər geniş əksini tapmışdır.
Çıxış edənlər soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini önə çəkmiş, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışlar.