Erməni qəsbkarlarının zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımı aktları bəşəri cinayətdir
Bakı, 31 mart (AZƏRTAC, Elvira Məmmədova). Martın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADPU) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin ümumi işlər üzrə prorektoru Elçin Əliyev tədbiri açaraq, erməni qəsbkarlarının zaman-zaman xalqımıza qarşı törətdikləri bəşəri cinayətlərdən danışmışdır. Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər rayonlarda minlərlə azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yurd-yuvasından didərgin salmışlar. Ermənilərin mənfur siyasətinin məqsədinin azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşmiş, soydaşlarımızın hüquqları kobudcasına, kütləvi surətdə pozulmuşdur.
Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymətin yalnız ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi bildirilmişdir. Vurğulanmışdır ki, Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla martın 31-i rəsmən “Azərbaycanlıların Soyqırımı Günü” kimi qəbul edilmişdir.
Universitetin Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov və başqaları erməni təcavüzü ilə bağlı bir sıra tarixi faktları, erməni siyasətinin məqsədlərini mərasim iştirakçılarının nəzərinə çatdırmış, iki yüz ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmədən və soyqırımı siyasətindən danışmışlar.
Sonda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film nümayiş olunmuşdur.