CƏMİYYƏT
Ermənilərin “böyük Ermənistan” xülyası məğlubiyyətə düçar oldu – AÇIQLAMA

Bakı, 22 sentyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı törətdiyi 19 sentyabr terroruna cavab olaraq ordumuz lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Təbii ki, terroru törədən “böyük Ermənistan” xülyasında olan revanşist qüvvələr idi. Onlar 44 günlük Vətən savaşındakı ağır məğlubiyyətlərindən nəticə çıxarmadılar. Ermənistan Fransadan dəstək alaraq Qarabağda gedən prosesləri gərginləşdirmək, xarici dövlətlərdən yardım almaq istəyirdi. Xüsusilə, İran və Rusiyanı öz tərəfinə çəkib Azərbaycana qarşı istifadə edə biləciyini düşünürdü. Həmin siyasət Ermənistanın köhnə prinsiplərinə əsaslanır. Lakin onlar Azərbaycanın 30 il əvvəlki vəziyyətində olmadığını unutdular. Bu unutqanlıq onlar üçün heç də yaxşı nəticələnmədi.
Bunu AZƏRTAC-a hərbi ekspert Tərlan Eyvazov bildirib. O qeyd edib ki, Azərbaycan Qərbin aparıcı şirkətlərinin, transmilli şirkətləri ilə böyük müqavilələrə malik dövlətdir. Ölkəmizdə olduqca böyük enerji və logistika layihələri həyata keçirilir. Eyni zamanda, Azərbaycan böyük maliyyə vəsaitləri ayıraraq müasir standartlara tam cavab verən silahlarla təchiz olunmuş məğlubedilməz Ordunu inkişaf etdirir. Hazırda ordu üçün əvvəlkinə nisbətən daha müasir texnologiyalara uyğun silahlar alınır. Müdafiə Nazirliyi bunların bir çoxu haqqında geniş məlumat verib.
“Laçın keçid-buraxılış məntəqəsi olmayan zamanlarda ermənilər bölgədə möhkəmlənmək üçün həmin əraziyə silah və ordu daşıyır, şərti sərhəddə dərin istehkamlar qazırdı. Lakin son hadisələr onu göstərdi ki, əzmli və güclü Azərbaycan Ordusunun qarşısında dayanmaq mümkün deyil. Antiterror tədbirlərinin başlanmasından bir sutka keçmədən ermənilər geri çəkilməyə məcbur oldular. Həmin qüvvələr faktiki olaraq Ermənistan silahlı qüvvələrinin bir qolu idi.
Bölgənin təhlükəsizliyi Azərbaycanın Silahlı Qüvvələri tərəfindən təmin ediləcək. Öz ölkələrinə qayıtmaq istəyənlər yaşıl dəhliz vasitəsilə gedə bilərlər. Təbii ki, Xankəndidə yaşayan ermənilər arasında Azərbaycan xalqına qarşı bəşəri cinayətlər törədən şəxslər də var. Onlara isə məhkəmənin təyin etdiyi ən ağır cəza tətbiq edilməlidir. Əlbəttə, bütün bu proseslər qısa müddətdə həll oluna biləcək məsələlər deyil. Bu səbəbdən Azərbaycan Ordusu əsas strateji məntəqələri və yolları nəzarət altına alıb. Əsasən, strateji ərazilərdə yerləşən erməni quldurları tərk-silah edilərək çıxarılıb. Artıq “böyük Ermənistan” xülyası Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə düçar edilib”, - deyə hərbi ekspert bildirib.