ERMƏNİSTAN-AZƏRBAYCAN MÜHARİBƏSİ ZAMANI İTKİN DÜŞMÜŞ MÜLKİ VƏ HƏRBİ QULLUQÇULARIN SİYAHISI ÖLKƏMİZƏ VERİLMİŞDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, nazir Səfər Əbiyev humanitar problemlərin həlli ilə məşğul olan təşkilat kimi bütün dünyada tanınan BQXK-nın 1992-ci ildən Azərbaycan nümayəndəliyinin yaradıldığını xüsusi vurğulayaraq, onun Ermənistan-Azərbaycan müharibəsinin gedişində itkin düşənlərin axtarışı ilə məşğul olduğunu, əhaliyə və ayrı-ayrı insanlara kömək göstərdiyini bildirmişdir.
Xanım Beatris Mejvan Roqqo səmimi sözlərə görə təşəkkür edərək, komitənin fəaliyyəti və iş prinsipləri haqqında məlumat vermiş və demişdir ki, BQXK ilə Azərbaycan və onun Silahlı Qüvvələri arasında əməkdaşlıq bundan sonra da davam edəcəkdir. Bizim mandatımız bütün dünya dövlətlərinin silahlı qüvvələri ilə beynəlxalq hüquq normaları əsasında əməkdaşlıq etməyə əsas verir. Əsas missiyalarımızdan biri də mövcud silahlı münaqişələrin hüququnu öyrənməkdir. Lakin bu hüquq müharibənin baş verməsinə haqq qazandırmır.
BQXK-nın regional eksperti, istefada olan general-mayor Qiya Toradze bu sahədə Gürcüstanda aparılan iş təcrübəsindən danışmışdır.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda vəziyyətin çox mürəkkəb olduğunu diqqətə çatdırmış və bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ermənilərin separatçılıq hərəkatının nəticəsidir. Şübhəsiz ki, bu hərəkat xaricdən də dəstəklənir.
Bu münaqişə başlayarkən burada beynəlxalq humanitar hüququn prinsipləri qorunmalı idi. Lakin belə olmadı. Məcburi köçkün və qaçqın həyatı sürən, öz doğma yurd-yuvalarından didərgin olan 1 milyondan çox Azərbaycan vətəndaşı hələ də ağır vəziyyətdə yaşayır. Döyüş əməliyyatları bu gün yenidən başlaya və bu regionda humanitar fəlakət baş verə bilər. BQXK bu barədə dünya ictimaiyyətinə xəbərdarlıq etməlidir. Əgər Ermənistan dövləti Azərbaycan torpaqlarını azad etməsə, döyüş əməliyyatları yenidən başlasa, şübhəsiz ki, bu günahın bir hissəsi də BQXK-nın üzərinə düşəcəkdir.
Ölkəmizin müdafiə naziri Ermənistan-Azərbaycan müharibəsinin gedişi zamanı ermənilərin silahlı münaqişələrin hüquq normasına riayət etmədiyini və Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmaları barədə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirmədiyini xüsusi vurğulamışdır. O, Xocalı faciəsi və onun nəticəsi barədə qonaqlara ətraflı məlumat verərək demişdir ki, hər bir beynəlxalq təşkilat, o cümlədən BQXK Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün əlindən gələni etməlidir.
Sonda xanım Beatris Mejvan Roqqo məlum müharibə zamanı Azərbaycanın itkin düşmüş mülki və hərbi qulluqçularının tamamlanmış siyahısını müdafiə nazirinə təqdim etmişdir.