ERMƏNİSTANIN ATOM ELEKTRİK STANSİYASININ DAYANDIRILMASI MƏSƏLƏSİ AŞPA-DA YENİDƏN QALDIRILIR
CƏNUBİ QAFQAZDA REALLIĞA ÇEVRİLƏN
İKİNCİ ÇERNOBIL QƏZASININ QARŞISINI
ALMAQ ÜÇÜN QƏTİ TƏDBİRLƏRİN ZƏRURƏTİ
“Avropa Şurasının prinsipləri əleyhinə hərəkətlərini inadla davam etdirərək, digər üzv dövlətin - Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan, eyni zamanda, Cənubi Qafqaz regionuna və digər həmsərhəd dövlətlərə qarşı ciddi ekoloji fəlakət təhlükəsi yönəltmişdir.
Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının reaktoru sovet dövründə quraşdırılmışdır və hazırda dünyanın heç bir qabaqcıl ölkəsində bu tipli reaktorlardan istifadə edilmir. Stansiyadakı qurğuların istismar müddəti də başa çatmışdır. Təsadüfi deyil ki, son üç ildə “Metsamor”da bir neçə dəfə qəza baş vermiş və atom elektrik stansiyası həmin qəzalara görə, hətta fəaliyyətini qısa müddət üçün dayandırmağa da məcbur olmuşdu.
Nəzərə alsaq ki, “Metsamor” seysmik baxımdan fəal zonadadır və son illərdə burada baş verən zəlzələlərin sayı artmışdır, onda stansiyanın fəaliyyətinin dayandırılmasının nə qədər təxirəsalınmaz olduğu aşkarlanır. 2002-2003-cü illərdə baş vermiş zəlzələlər zəif ballı olduğundan “Metsamor” onlara dözmüşdür. Adi vəziyyətində belə ardıcıl qəzalara uğrayan stansiya üçün ən xırda zəlzələ də siqnaldır və dağıdıcı Spitak zəlzələsi unudulmamalıdır.
Avropa Şurası Parlament Assambleyası bu stansiyanın bağlanması zəruriyyəti ilə əlaqədar 2001-ci ildən bəri dörd sənəd hazırlamışdır. Bir sıra beynəlxalq təşkilatlar və Ermənistandakı “Yaşıllar hərəkatı” mütəmadi olaraq stansiyanın işini dayandırmaq üçün çağırışlar etsələr də, bu, Ermənistan dövləti tərəfindən müsbət reaksiya ilə qarşılanmamışdır. Avropa İttifaqı da Ermənistana “Metsamor”un bağlanması ilə əlaqədar bir neçə dəfə təklif etmiş, lakin Ermənistan həmin müraciətlərə etinasız yanaşmışdır. Nəticədə Avropa İttifaqı Ermənistana qarşı iqtisadi sanksiya tətbiq etməyə məcbur olmuş, ayırmağı planlaşdırdığı 100 milyon dolları Ermənistana verməkdən imtina etmişdir.
“Metsamor”da qəza baş verməsi ehtimalı ildən-ilə reallaşır və belə fəlakətin baş verəcəyi təqdirdə Ermənistanın özünün, qonşu Gürcüstan, Azərbaycan, Türkiyə və digər region ölkələrinin ağır nüvə zərbəsinə uğrayacağı qaçılmazdır. Vəzifəmizi faciələrin qeydiyyatında deyil, faciə və təhlükələrin qarşısının alınması ilə məşğul olmaqda görməli, region əhalisi və təbiətinin xilas edilməsi üçün narahatlığımızı sözdən işə keçirməliyik”.
Sənəddə bunları vurğulayan R.Hüseynov Nazirlər Komitəsinə aşağıdakı sualla müraciət etmişdir: “Nazirlər Komitəsi qəza vəziyyətində olan, istismar müddəti qurtarmış və qorxulu seysmoaktiv zonada yerləşən “Metsamor” atom elektrik stansiyasının indiki vəziyyətində Cənubi Qafqaz regionu, eləcə də Avropanın və Asiyanın digər ölkələri üçün vəd etdiyi təhlükənin son dərəcə ciddiliyini qəbul edirmi və ikinci Çernobıla çevrilmək ehtimalı real olan həmin stansiyanın bağlanması ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində Ermənistan hökumətinə hansı təsiri göstərə bilər?”