Ermənistanın havadarları Cənubi Qafqazda separatizmin yenidən baş qaldırmasına can atırlar ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə Azərbaycan regionda yeni reallıqlar yaratdı. Müharibə dövründə Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla digər hakimiyyət rəsmiləri, eləcə də Qarabağda qanunsuz fəaliyyət göstərən xunta rejiminin separatçı rəhbərləri Azərbaycana qarşı sərt ritorika sərgiləyirdilər. Ermənistan baş nazirinin təhlükəli bəyanatları hətta beynəlxalq vasitəçilərin fəaliyyətini faktiki olaraq iflic etmişdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
Qarşı tərəfin döyüş meydanında ağır məğlubiyyətə düçar olmasına rəğmən, əsassız ritorika ilə blef etdiyini deyən deputat əlavə edib ki, Ermənistan hətta Kür çayına qədər ərazilərimizdə iddia edir, ölkəmizi Mingəçevir su anbarını partlatmaqla hədələyirdi. Təbii ki, onlar bu yersiz hədələri səsləndirməklə reallığı ört-basdır etməyə çalışırdılar. Bu, azmış kimi müharibə cinayətlərini də arxa plana keçirmirdilər. Azərbaycanın müharibə bölgəsindən kilometrlərlə uzaq məsafələrdə yerləşən yaşayış məntəqələrini atəşə tutan İrəvan rəhbərliyi qadağan olunmuş silahlardan istifadə edərək mülki əhalini amansızlıqla qətlə yetirirdi. Təbii ki, Azərbaycan bunun qisasını döyüş meydanında alırdı. Ermənistanın kapitulyasiyası ilə başa çatan savaşda biz heç bir halda, hətta döyüş meydanında da müharibə qanunlarını, beynəlxalq hüququn normalarını pozmadıq. Azərbaycan dövləti qanunun aliliyinə, Ordumuzun gücünə arxalanaraq ölkədə separatizmin kökünü kəsdi, müharibə cinayətkarları isə həbs edilərək Bakıya gətirildi.
“Bu gün Azərbaycanın Qələbəsini, regiondakı yeni reallığı həzm edə bilməyənlər müharibə cinayətkarlarını hərbi əsir kimi təqdim etməklə beynəlxalq hüquqa hörmətsizlik etmiş olurlar. İşğal dövründə Ermənistanı “Qarabağ Ermənistandır, nöqtə” xülyasını səsləndirməyə həvəsləndirənlər bu gün də Cənubi Qafqazda separatizmin yenidən baş qaldırmasına can atır, xunta rejiminin rəhbərlərinin müdafiəsinə qalxır. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri yenidən Ermənistanı rəzil duruma salmağa çalışır. Əsas reallıq isə bundan ibarətdir ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə yaşayaq”, - deyə N.Məmmədova vurğulayıb.
O qeyd edib ki, separatçılar sülh və bəşəriyyətə qarşı cinayətlərdə, hərbi cinayətlərdə, terrorçuluqda, terrorçuluğu maliyyələşdirməkdə, qətllərdə, qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunurlar. Rəsmi Bakının erməniəsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə heç bir öhdəliyi yoxdur. Onların azadlığa buraxılması ilə bağlı təzyiqlərin heç bir nəticəsi olmayacaq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”.