Ermənistanın “humanitar yardım” təxribatının arxasında dayanan əsas qüvvələrdən biri Fransadır - AÇIQLAMA
Bakı, 1 sentyabr, AZƏRTAC
Ermənistan Vətən müharibəsi başa çatdıqdan sonra həm döyüş meydanında, həm Qarabağ ərazisində, həm də Ermənistan-Azərbaycan şərti sərhəd bölgəsində müxtəlif formatlarda təxribatlar törədir. Eyni zamanda, sülh müqaviləsinin pozulması üçün diplomatik müstəvidə, yəni danışıqlar masasında müxtəlif təxribatlar həyata keçirib. Bütün bu əməliyyatlar öz əhəmiyyətini itirdiyinə, səmərəli olmadığına, nəticə vermədiyinə görə artıq “humanitar yardım” adı altında təxribata başlayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib.
O vurğulayıb ki, artıq bir neçə aydır Laçın istiqamətində yük avtomobilləri Parisin merinin iştirakı ilə “humanitar yardım” təxribatına qoşulublar. Ardınca da beynəlxalq ictimaiyyəti bu məsələlərdə Azərbaycanı günahlandırmaqda çalışırlar. Azərbaycan da Ağdam-Xankəndi yolunun işlək vəziyyətdə olduğunu göstərməyə və həmin ərazidən keçməklə humanitar yardım missiyasının icra olunmasını sübuta yetirmək üçün bu istiqamətdə dəstək göstərməyə çalışır. Bu, Qarabağda ermənilərə yanaşmada Azərbaycan dövlətinin humanist mövqedə olmasını göstərir.
“Ümumiyyətlə Avropa, Qərb ölkələri illərdir humanizm, insan hüquqları, demokratiya adları altında dünyanın digər dövlətlərini əzməyə, onları nəyəsə məcbur etməyə çalışırlar və bir çox hallarda buna nail olurlar. Bu baxımdan “humanitar yardım” təxribatının müəllifi məhz Avropa, Qərb və onun əsas aparıcı siyasi qüvvələrindən biri olan Fransadır. Fransa hərbi formatda Ermənistanın, yəni öz müttəfiqinin nəyəsə nail ola bilməyəcəyini anladığına görə məhz həmin təxribat əməliyyatından istifadə etmək üçün Azərbaycana təzyiq göstərir. Hesab edirəm ki, həm Ermənistan-Azərbaycan şərti sərhəd bölgəsində, həm Qarabağda vəziyyətin davamlı gərginləşməsi, Ordumuzun mövqelərinin atəşə tutulması 2023-cü ilin digər hissəsinin gərgin keçəcəyindən xəbər verir”, - deyə hərbi şərhçi xatırladıb.