Ermənistanla şərti sərhəddə baş verən son hadisələr Azərbaycanı təxribatlara cəlb etmək cəhdləridir
Bakı, 4 sentyabr, AZƏRTAC
Ermənistan-Azərbaycan şərti sərhədində baş verən son təxribatlar heç də təsadüfi deyil. Üç il bundan əvvəl Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribatlar törətməklə işğal etdikləri torpaqlarda möhkəmlənmək istəyirdi. Onlar sonra Rusiyaya sığınaraq cəzadan canlarını qurtara biləcəklərini düşünürdülər. Lakin gözlənilməz halda, Azərbaycan Ordusu Ermənistanın törətdiyi təxribatlara qarşı çox uğurlu əməliyyat planı hazırladı. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi.
Bunu AZƏRTAC-a açıqlamasında “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.
O bildirib ki, şərti sərhəddə baş verən son hadisələr Azərbaycanı təxribatlara çəkmək cəhdləridir. Ermənilər bütün dünyaya bir daha göstərmək istəyirlər ki, sülh müqaviləsinə imzalaya bilmirəm.
Polkovnik-leytenant qeyd edib ki, düşmənin təxribatlarına layiqli cavab verən ordumuz onları ağır itkilərə məruz qoyub. Bütün diplomatik səylərdən, hətta dünyanın ən böyük beynəlxalq institutu olan BMT-dəki danışıqlardan özü üçün sərfəli nəticə əldə etmədiyini anlayan Ermənistan Fransa başqa olmaqla havadarlarından dəstək alaraq təxribatçı yolu seçib. Qarabağdakı həmin təxribatlar mütləq şəkildə buna xidmət edir ki, Azərbaycan tərəfi sərt tədbirlər görsün.
“Azərbaycan rəhbərliyin son vaxtlarda atdığı humanist və diplomatik addımlar ona yönəlib. Əgər qarşı tərəfdən bu günlərdə sərhəddə, Kəlbəcər və digər istiqamətindəki Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulduğu kimi, gələcəkdə də hər hansı təxribat törədiləcəksə, onlara qarşı adekvat və daha sərt tədbirlər görüləcək”, - deyə ekspert diqqətə çatdırıb.