“ƏSRİN MÜQAVİLƏSİ” LAYİHƏLƏRİ ÜZRƏ İŞLƏR UĞURLA DAVAM EDİR
Əvvəlcə MakDermott Caspian Contractors, İnc. şirkətinin ofisində mətbuat konfransı keçirilmişdir. Ayrı-ayrı layihələrin menecerləri tikinti-quraşdırma işlərinin gedişi barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin ən mühüm hadisəsi Xəzər neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə Ceyhan limanına çatması və tankerlərlə Avropa bazarlarına ixracı olmuşdur.
“Azəri-Günəşli-Çıraq” layihəsi çərçivəsində “Qərbi Azəri” yatağından ilk neft Səngəçal terminalına çatmış, kompressor və suvurma platformasından ilk qaz laya vurulmağa başlanmış, “Azərbaycan” kran-barjının modernləşdirilməsi tamamlanmış, “Şərqi Azəri” platformasının dayaq bloku dənizdə quraşdırılmış, sualtı boru kəmərlərinin quraşdırma işləri və “Dərinsulu Günəşli” layihəsi çərçivəsində qazma, texnoloji təchizat, yaşayış platforması dayaq tavasının quraşdırılması başa çatdırılmış, Səngəçal terminalında bir sıra obyektlər işə salınmışdır. Yaxın günlərdə terminalda gündəlik neft emalının həcmini 500 min barreldən 800 min barrelə çatdırmağa imkan verən obyektlər işə salınacaqdır.
Layihə üzrə işlərdə 10 min 400 nəfər çalışır ki, bunun da 80 faizi Azərbaycan vətəndaşlarıdır.
Qeyd etməliyik ki, 3-4-cü rüblərdə görüləcək əsas işlərə “Şərqi Azəri” platformasının üst modullarının dənizdə quraşdırılması, nizamlanması və istismar sınaqlarına başlanması, Faza 3 yaşayış bloklarının və qazma modullarının Bakıya çatdırılması, dənizə yola salınması daxildir.
Bildirilmişdir ki, “Azəri” layihəsi üzrə indiyədək 6 milyard 261 milyon ABŞ dolları, yanvar-may aylarında isə cari il üçün nəzərdə tutulan 430 milyon dolların 253 milyon dolları (59 faiz) xərclənmişdir. “Dərinsulu Günəşli” layihəsi üzrə indiyədək 1 milyard 268 milyon dollar sərf edilmişdir. “Çıraq” platfoirmasından “Azəriqaz”a gündə 5 milyon kubmetr, Neft daşlarından isə əlavə 1 milyon kubmetr qaz təhvil verilir.
Məlumat verilmişdir ki, “MakDermott”un təlim şöbəsində indiyədək 49 minə qədər işçi təlim keçmişdir. Onların bir çoxu şirkətin Dubay, Vyetnam, Saxalindəki obyektlərində də uğurla çalışır. Cari ildə bu şirkətin ABƏŞ-lə müqavilələri çərçivəsində yerinə yetirəcəyi işlərin maliyyə məsrəfləri 136 milyon ABŞ dolları təşkil edir. Bütün tikinti-quraşdırma işləri cədvəl üzrə nəzərdə tutulduğu kimi davam edir.
Sonra jurnalistlər zavodun tikinti sahəsində artıq inşası başa çatdırılaraq yaxın günlərdə dənizə yola salınacaq 16 min ton ağırlığında “Şərqi Azəri” platformasına qalxaraq dünya səviyyəli bu qurğu ilə ətraflı tanış olmuşlar.