ESTONİYA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclisin sədri qonaqları səmimi salamladıqdan sonra Azərbaycan-Estoniya əlaqələrinin inkişafından, hər iki tərəfin səyi ilə münasibətlərimizin gündən-günə dərinləşməsindən, Estoniyanın NATO-ya, Avropa Birliyinə, digər nüfuzlu beynəlxalq qurumlara qəbul olunması xəbərinin Azərbaycanda sevinclə qarşılanmasından danışmışdır. O, həmçinin ölkəmizin Avropaya inteqrasiyası, ən ağrılı problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu məsələnin həllində respublikamızın mövqeyi barədə ətraflı məlumat vermişdir. Murtuz Ələsgərov qeyd etmişdir ki, Ermənistanı təcavüzkar adlandıran ölkələrin sayı artmaqdadır və bu, bizi sevindirir. Parlamentin rəhbəri vurğulamışdır ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərilən səylər nəticəsiz qalsa, Azərbaycan öz torpaqlarını başqa vasitələrlə azad etməyə qadirdir.
Səmimi qəbul üçün təşəkkür edən estoniyalı nazir P.E.Rummo bildirmişdir ki, onun ölkəsi Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır. Sevindirici haldır ki, ölkələrimiz müxtəlif proqramlarda tərəfdaşlıq edirlər. Münasibətlərimizin perspektivi bizdə ümid doğruldur.
Estoniya-Azərbaycan parlament qrupunun rəhbəri Eldar Əfəndiyev, Azərbaycan-Estoniya parlament qrupunun rəhbəri Anar Məmmədxanlı parlamentlərarası əlaqələrin inkişafında, bir-birimizi tanımaqda qrupların gördüyü işlər barədə ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, səfərin sonunda Estoniyada Azərbaycan günlərinin keçirilməsi barədə qərar açıqlanacaqdır.