Estoniyanın Baş naziri Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
Tallin, 30 sentyabr, AZƏRTAC
Estoniyanın Baş naziri xanım Kaya Kallas Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirən səfir Anar Məhərrəmov son illər ərzində ölkəmizin əldə etdiyi nailiyyətlər, eləcə də təşəbbüskarı və iştirakçısı olduğu transmilli layihələr barədə ətraflı danışıb.
Səfir A.Məhərrəmov 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində urbisid və ekosid siyasətinin həyata keçirildiyini, bütün infrastrukturun dağıdıldığını, milli-mədəni irsin məhv edildiyini, bəzi şəhərlərin tamamilə yerlə-yeksan olunduğunu vurğulayıb.
Eyni zamanda, diplomat işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, investisiya qoyuluşu imkanları barədə qarşı tərəfə ətraflı məlumat verib. Bu baxımdan, xüsusilə informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış eston şirkətlərini həmin ərazilərdə sərmayə yatırmağa dəvət edib.
Estoniyanın Baş naziri xanım Kaya Kallas səfir A.Məhərrəmovu təyinatı münasibətilə təbrik edib, iki ölkə arasında dostluq əlaqələrinin onun fəaliyyəti dövründə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək, səfirə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Xanım Baş nazir səfir tərəfindən verilmiş məlumatlara görə təşəkkürünü ifadə edib, ölkəsinin müxtəlif istiqamətlərdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, ölkəmizdəki əlverişli sərmayə qoyuluşu imkanları barədə aidiyyəti üzrə məlumat verəcəyini qeyd edib.
Görüş zamanı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin