Etnik xalqların Ümum-Ukrayna Forumunda Azərbaycan diasporu milli stendlərimizlə təmsil olunub
Kiyev, 22 may, AZƏRTAC
Kiyevdə Ukraynanın Milli Azlıqları və Yerli Xalqlarının Ümum-Ukrayna Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan diasporu bu forumda iki milli stendlə təmsil olunub. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun nümayəndələrinin də iştirak etdiyi tədbir çərçivəsində ölkədə ikinci dəfə milli səviyyədə “Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Günü” qeyd olunub. Bu bayram Ukrayna Prezidentinin 2024-cü il 27 dekabr tarixli Fərmanı ilə təsis edilib. Bayramın məqsədi ölkədə yaşayan bütün milli icmaların və yerli xalqların unikal dəyərlərinin tanınması və ümumi Ukrayna mədəniyyətinin zənginləşdirilməsidir.
Forumda 300-dən çox iştirakçı - milli azlıqların və yerli xalqların nümayəndələri, hökumət rəsmiləri, diplomatlar, beynəlxalq tərəfdaşlar və ictimai xadimlər bir araya gəliblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin iştirakı ilə Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Kornienko, Ukraynanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Dmitri Lubinets diasporumuzun stendlərinə baxıblar. Azərbaycanın milli mətbəxi və milli atributları ilə yaxından tanış olublar. Ölkəmizin milli stendinə gələnlər “Şah plov”dan, dolmadan və kətədən dadaraq milli mətbəximizin zənginliyinin şahidi olublar.
Sonra forumun rəsmi açılış mərasimində çıxış edən Oleksandr Kornienko Ukraynanı vətən hesab edən hər bir etnosun mədəni və dini adət-ənənələrinin eşidilməsi və anlaşılması, onların öz mədəni və etnik kimliklərini sərbəst şəkildə ifadə etmələrinin vacibliyini vurğulayıb. “Ukraynanın gücü birliyimizdədir – burada hər kəsin öz səsi var, lakin bizdə bir ürək var. Bu birlik bizi Avropa ilə inteqrasiya və ortaq uğura aparır”, - deyə Kornienko əlavə edib.
Ombudsman Dmitri Lubinets isə çıxışı zamanı milli icmaların ümumi Ukrayna irsinə verdiyi töhfələrin əhəmiyyətinə diqqət çəkib.
Tədbir çərçivəsində müxtəlif xalqların nümayəndələri, o cümlədən etnik azərbaycanlılar adından ağaclar əkilib. Azərbaycanlılar adından əkilən ağacəkmə aksiyasında Oleksandr Kornienko da iştirak edib.
Daha sonra milli azlıqların iştirakı ilə konsert keçirilib. Konsertdə Ukraynanın Xalq artisti Qurban Abbasov və ukraynalı müğənni Natalya Kudyaşova Azərbaycan musiqilərini ifa ediblər.
Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Kornienko AZƏRTAC-a açıqlamasında Ukraynada fəaliyyət göstərən çoxlu sayda Azərbaycan icması və təşkilatlarına təşəkkürünü bildirib.
“Ukraynada çoxlu sayda Azərbaycan milliyyətindən olan qardaş və bacılarımız var. Cəbhə xəttində Ukrayna uğrunda vuruşan, Ukraynanı müdafiə edən və iqtisadiyyata əhəmiyyətli töhfələr verən azərbaycanlılar var. Müdafiə qabiliyyətimizə və iqtisadiyyatımıza əhəmiyyətli töhfə verdiyinə görə etnik azərbaycanlılara, Azərbaycan dövlətinə təşəkkür edirik. Ukraynadakı Azərbaycan icmasının nümayəndələrini görməkdən həmişə məmnunuq. Onlara həmişə kömək əlimizi uzadacağıq və həmişə birlikdə olacağıq”, - deyə Ali Rada sədrinin birinci müavini əlavə edib.
Azərbaycanın milli mətbəxinin vurğunu olduğunu deyən Ukrayna vətəndaşı Alla Xropata AZƏRTAC-a bildirib ki, ölkəmiz hər il beynəlxalq festivallara sahiblik edir. Bu tədbirlərdə Azərbaycan diasporu aktiv təmsil olunur.
“Azərbaycanın milli mətbəxi çox gözəl və dadlıdır. Ənənəvi yeməkləriniz zəngin tarixə malikdir”, - deyə Alla Xropata vurğulayıb.
O qeyd edib ki, bu çətin dövrdə, hərbi vəziyyət dövründə etnik azərbaycanlılar ukraynalılarla birgə ölkəmizin inkişafında misilsiz xidmətlər göstərirlər.