WUF13 çərçivəsində özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair müzakirələr aparılır
Bakı, 22 may, AZƏRTAC
Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) sonuncu günündə özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair fikir mübadiləsi aparılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təşkil etdiyi “Özəl sektor davamlı şəhərlərin hərəkətverici gücü kimi” adlı sessiyada çıxış edən ATMİA-nın baş katibi Sevda Quliyeva paytaxtımızın ev sahibliyi etdiyi WUF13-ün ölkəmizin tikinti və inşaat sektorunun beynəlxalq səviyyədə tanıdılması, özəl şirkətlərin yeni tərəfdaşlıqlar qurması və “Made in Azerbaijan” brendinin təşviqi baxımından mühüm platforma rolunu oynayır.
Qeyd edək ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir. ATMİA Azərbaycan stendi adı ilə yerli şirkətlərin istehsal etdikləri tikinti materiallarının beynəlxalq bazarlarda tanıdılması və satışını təşkil edir. Assosiasiya ümumi maraqlara xidmət edən, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai birlikdir. ATMİA 2017-ci ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan etibarən hüquqi şəxs statusunu alıb. Hazırda Azərbaycanın yüzlərlə aparıcı tikinti şirkətləri və tikinti materialları istehsalçıları ATMİA-nın üzvüdür.