BMU “Orqanik memarlıq” və “Orqanik şəhər” konsepsiyası üzərində elmi araşdırmalar aparır
Bakı, 22 may, AZƏRTAC
Müasir şəhərsalma artıq yalnız tikinti və məkan planlaşdırılması ilə məhdudlaşmır. Bu sahə informasiya texnologiyaları, ekologiya, sosial idarəetmə və insanmərkəzli inkişaf prinsiplərini özündə birləşdirən kompleks multidissiplinar sistem kimi formalaşır. Şəhərlər bu gün müxtəlif demoqrafik, milli və mədəni qrupların qarşılıqlı əlaqələrinin tənzimləndiyi mürəkkəb sosial-məkan strukturlarıdır. Tarixi inkişaf prosesində coğrafi xüsusiyyətlər və təbii mühit fərqli şəhərsalma ənənələrinin formalaşmasına təsir göstərsə də, şəhərlərarası qarşılıqlı əlaqələr urbanizasiya prosesinin ümumi və fundamental prinsiplərini müəyyən edib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və şəhərsalma kafedrasının müdiri professor, Əməkdar memar Sabir Orucov deyib. O bildirib ki, elm və texnologiyanın sürətli inkişafı, eləcə də dövlətlər və mədəniyyətlərarası inteqrasiyanın güclənməsi müasir şəhərlərin idarə olunması və planlaşdırılması prinsiplərinə ciddi təsir göstərib: “Bu baxımdan “ağıllı şəhər” və “yaşıl şəhər” konsepsiyaları günümüzün ən aktual urbanistik istiqamətləri hesab olunur. Rəqəmsal texnologiyalar, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri müasir şəhərsalma elminin, təhsilinin və praktik tətbiqlərinin əsas komponentlərinə çevrilib. Bu yanaşmalar şəhərlərin daha dayanıqlı, inklüziv və insanyönümlü inkişafına şərait yaradır. BMU-da da bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Universitetin Memarlıq və inşaat fakültəsinin Memarlıq və şəhərsalma kafedrasında müasir urbanizasiya çağırışlarına uyğun olaraq fənlərarası tədris və tədqiqat istiqamətləri inkişaf etdirilir, xüsusilə “ağıllı şəhər”, “yaşıl şəhər” və dayanıqlı şəhərsalma mövzularına xüsusi diqqət yetirilir. Bununla yanaşı, kafedra klassik müsəlman şəhərsalma prinsiplərinə əsaslanan müasir “Orqanik memarlıq” və “Orqanik şəhər” konsepsiyası üzərində elmi araşdırmalar aparır. Bu istiqamətdə hazırlanmış “Orqanik şəhər strukturu” adlı ilk elmi məqalələr toplusunun nəşri də universitetin innovativ şəhərsalma modellərinin formalaşdırılması sahəsində fəaliyyətinin mühüm göstəricilərindən biridir”.