Roi Çiti: Yeni Strateji Plan mənzilə çıxışın genişləndirilməsini nəzərdə tutur
Bakı, 22 may, AZƏRTAC
UN-Habitat ötən il 2026–2029-cu illəri əhatə edən yeni Strateji Planını təqdim edib. Bu plan mənzil məsələsini fəaliyyətin mərkəzinə qoyur və onu əsas xidmətlər, torpaq münasibətləri və digər sahələrlə qarşılıqlı əlaqədə nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UN-Habitat-ın Asiya və Sakit okean regionu üzrə regional ofisinin insan məskunlaşmaları üzrə mütəxəssisi Roi Çiti BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” mövzusunda tədbirdə səsləndirib.
O bildirib ki, plan hər kəs üçün adekvat, əlçatan və münasib qiymətli mənzilə, torpağa və əsas xidmətlərə çıxışın genişləndirilməsini nəzərdə tutur. Xüsusilə həssas vəziyyətdə yaşayan insanlar diqqət mərkəzində saxlanılır.
Roi Çitinin sözlərinə görə, bu yanaşmanın rifahın artırılması, yoxsulluğun azaldılması, ətraf mühitin qorunması, iqlim fəaliyyəti, eləcə də fövqəladə hallara hazırlıq, cavab tədbirləri və bərpa proseslərinə müsbət təsir göstərəcəyi gözlənilir.