Sosial yaddaş və mikroiqlim: Bakı məhəllələri beynəlxalq platformada
Bakı, 22 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə “Müasir şəhərlər üçün iqlim dəyişikliyinə həssas həyət məhəllələrinin yenidən təsəvvür edilməsi” mövzusunda sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada şəhərlərin təbii strukturu, mikroiqlim göstəricilərinin optimallaşdırılması, tarixi məhəllələrin iqlimə uyğun xüsusiyyətləri və müasir şəhərsalmada ənənəvi məhəllə prinsiplərinin tətbiqi məsələləri müzakirə olunub.
Sessiyada Azərbaycan Memarlıq və İnşaat Universitetinin Qrafik və media dizaynı kafedrasının baş müəllimi Fəridə Qasımova bildirib ki, “məhəllə” anlayışı yalnız yaşayış modeli deyil, həm də şəhərin sosial münasibətlərini və kollektiv yaddaşını özündə birləşdirən mühüm şəhərsalma elementidir.
O qeyd edib ki, Bakının tarixi məhəllələri uzun illər ərzində təbii iqlim şəraitinə uyğun formalaşıb və bu yaşayış modeli müasir şəhər mühitində də aktuallığını qoruyur. Ənənəvi Bakı həyətləri və dar küçə strukturu isti hava şəraitində təbii havalandırma və kölgələnmə imkanları yaradaraq şəhər mühitində mikroiqlimin qorunmasına xidmət edib. Tarixi məhəllələrin iqlim prinsiplərinin müasir yaşayış binalarında tətbiqi şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.