Conatan Uilyams: WUF13 dayanıqlı şəhərlər üzrə qlobal dəyişiklik ekosistemi formalaşdırır
Bakı, 22 may, AZƏRTAC
WUF13 indiyədək keçirilən ən böyük BMT-nin Ümumdünya Şəhərsalma Forumudur. Bu platforma dayanıqlı şəhərlərlə bağlı qlobal müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə AZƏRTAC-a açıqlamasında “KPMG” şirkətinin tərəfdaşı, qlobal şəhərlər təcrübəsinin rəhbəri və Cənubi Afrika inkişaf portfeli üzrə məsul şəxs Conatan Uilyams deyib.
Bildirib ki, WUF13 çərçivəsində keçirilən dəyirmi masalar, Biznes və İnnovasiya Mərkəzi kimi yeni platformalar dayanıqlı şəhərlərlə bağlı dəyişikliklər üçün vahid ekosistem yaradır.
“Biz hələ də ənənəvi problemlərlə üz-üzəyik. Mənzil çatışmazlığı və evsiz insanların vəziyyəti kimi məsələlər ciddi çağırış olaraq qalır. Dayanıqlı şəhərlərin formalaşdırılmasında mənzil siyasəti əsas rol oynayır. Mənzilin iş yerləri, sosial imkanlar və insanların yaşayıb işləyə bilməsi ilə əlaqələndirilməsi vacibdir”, – deyə o vurğulayıb.
Conatan Uilyams urbanizasiya prosesinin, xüsusilə Cənubi Afrika regionunda ciddi təzyiqlər yaratdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, sürətli şəhərləşmə maliyyə imkanları, dayanıqlılıq və artan əhali arasında yeni gərginlik nöqtələri formalaşdırır.
KPMG rəsmisi qeyd edib ki, WUF13 çərçivəsində aparılan müzakirələr dövlət qurumları, özəl sektor və beynəlxalq institutlar arasında əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.
“Ümid edirəm ki, forumun yekun nəticələri dayanıqlı şəhərlərin inkişafı istiqamətində daha strukturlaşdırılmış fəaliyyət çərçivəsinin formalaşmasına töhfə verəcək”, – deyə o əlavə edib.