Lana Barreto: Köçkünlük və qeyri-rəsmi məskunlaşmalar şəhər bərpasını daha da çətinləşdirir
Bakı, 22 may, AZƏRTAC
Böhran və münaqişə şəraitində yaranan qeyri-rəsmi məskunlaşmalar və şəhər toxumasının deformasiyası struktura ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Norveç Qaçqınlar Şurasının (NRC) Qlobal Sığınacaq və Məskunlaşma üzrə müşaviri Lana Barreto Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa arasında körpü” adlı sessiyada bildirib.
O, qeyd edib ki, bu səbəbdən mənzil məsələsinə təkbaşına yanaşma deyil, mənzil, torpaq və mülkiyyət (HLP) hüquqlarını birlikdə əhatə edən inteqrasiya olunmuş yanaşma zəruri hesab edilir.
“Köçkünlük Qəzzada şəhər mühitini köklü şəkildə dəyişdirir. Dağılan evlər və ictimai binalar çox vaxt açıq ərazilərə və müvəqqəti məskunlaşma məkanlarına çevrilir ki, bu da şəhər həyatının qeyri-rəsmi, dayanıqsız formalar almasına səbəb olur. Müvəqqəti köçkünlük şəraiti adekvat və uzunmüddətli bərpa strategiyası olmadığı halda yarı-daimi şəhər reallıqlarına çevrilə bilər. Təkrar köçkünlük ailələrin və icmaların planlı geri dönüşünü, bərpa prosesini və daimi yaşayışa qayıdışı ciddi şəkildə çətinləşdirir. Eyni zamanda qeyd olunub ki, ardıcıl köçkünlük nəticəsində yaşayış məntəqələri və torpaq sahələri üzərində təkrar istifadə və nəzarət halları yaranır ki, bu da geri dönüş və yenidənqurma proseslərini daha da mürəkkəbləşdirir”, - deyə Lana Barreto əlavə edib.
Müxbir-Vüqar Qurbanoğlu