Canq Çjenşan: Ağıllı texnologiyalar dayanıqlı şəhərsalmanı sürətləndirir
Bakı, 22 may, AZƏRTAC
Son illərdə UN-Habitat-ın Çin Ofisi akademik dairələri, texnologiya şirkətləri və ictimai təşkilatları bir araya gətirən “UN-Habitat China Future City Council” layihəsini yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu UN-Habitat-ın Çin Ofisinin baş müşaviri Canq Çjenşan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” adlı tədbirdə söyləyib.
O bildirib ki, bu platforma rəqəmsal innovasiya, karbon neytrallığı və ağıllı idarəetmə kimi qabaqcıl istiqamətlərə fokuslanır. Eyni zamanda, ötən il “Süni intellekt və şəhərlər” adlı “Future City Advisory Outlook 2025” hesabatı hazırlanıb.
“Hesabat süni intellektin dayanıqlı şəhər inkişafına imkan yaradan texnologiya istiqamətlərini və tətbiq təcrübələrini sistemli şəkildə təhlil edir. Burada şəhərsalma, infrastruktur, enerji idarəçiliyi, ictimai xidmətlər və rəqəmsal idarəetmə kimi əsas sahələr əhatə olunub”, - deyə Canq Çjenşan qeyd edib.
Onun sözlərinə görə, hesabatda Çin şəhərlərində süni intellektin memarlıq və şəhər idarəçiliyində tətbiqinə dair bir sıra innovativ nümunələr yer alır. Handan şəhəri resursların səmərəli istifadəsi və insan mərkəzli idarəetmə modeli ilə seçilir. Çendu şəhəri xəstəxanalar ətrafında qiymət və nəqliyyat idarəçiliyinə xüsusi diqqət yetirir. Uhan və Quançjou planlaşdırma institutları isə süni intellekt dəstəyi ilə planlaşdırma və məkan idarəçiliyi sahəsində qabaqcıl təcrübələr həyata keçiriblər.