Azər Məmmədrəhimov: WUF13 Azərbaycanın artan beynəlxalq nüfuzunu göstərir
Naxçıvan, 22 may, AZƏRTAC
Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf və rəqəmsal həllər sahəsində artan nüfuzunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvanda keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında çıxışında qeyd edib.
O bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universiteti tərəfindən birgə təşkil olunan festivalın əsas istiqamətləri də məhz bu qlobal çağırışlarla üst-üstə düşür.
Çıxış zamanı festivalın statistikasına da toxunulub. Bildirilib ki, bugünkü festivalda 60 startap komandası iştirak edir. Festival çərçivəsində təqdim olunan layihələr rəqəmsal xidmətlər, süni intellekt texnologiyaları, enerji və su idarəetməsi, kənd təsərrüfatı texnologiyaları, təhlükəsizlik sistemləri, ekoloji həllər və innovativ şəhər infrastrukturu kimi strateji istiqamətləri əhatə edir.
Azər Məmmədrəhimov vurğulayıb ki, festival dövlət qurumları, universitetlər və innovasiya sahəsində çalışan gənclər arasında əməkdaşlığın genişlənməsinə töhfə verir.
Müxbir- Nail Əsgərov