Fəlsəfə İnstitutu fəaliyyətini karantin rejiminə uyğun qurub
Bakı, 13 aprel, AZƏRTAC
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA əməkdaşlarının 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında” Sərəncamından irəli gələrək Fəlsəfə İnstitutunun əməkdaşları da fəaliyyətlərini məsafədən davam etdirirlər. Bu müddət ərzində institutun direktoru, professor İlham Məmmədzadə qurumun əməkdaşları ilə onlayn müşavirə keçirərək onlara elmi fəaliyyət istiqamətləri, eləcə də tədqiqat işlərinin davam etdirilməsinə dair tövsiyələrini verib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Karantin müddətində Fəlsəfə İnstitutunun əməkdaşları 2020-ci il üzrə elmi plana müvafiq olaraq nəzərdə tutulan “Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminara, eləcə də görkəmli filosof Ziyəddin Göyüşövün 100 illiyi ilə bağlı konfransa çıxışlar hazırlayır, məqalələr üzərində işləyirlər.
İlham Məmmədzadə “Fəlsəfə müasirlik, tarix və mədəniyyət haqqında” kitabının rus dilindən Azərbaycan dilinə tərcüməsi üzərində işləyir. Fəlsəfə İnstitutunun 75 illiyinə həsr olunmuş kitabın giriş hissəsinə fəlsəfə üzrə elmlər doktoru Afaq Rüstəmova tərəfindən “Azərbaycanda fəlsəfənin inkişafı” haqqında məqalə hazırlanıb. Fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə tərəfindən isə “Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955-1970) sosioloji araşdırma” adlı kitab üzərində işlər yekunlaşdırılıb. Bununla yanaşı, əməkdaşlardan Hüseyn İbrahimovun “Xalq” qəzetində pandemiya ilə bağlı məqaləsi dərc olunub, Zeynəddin Şabanov “Genosid bəşəri cinayət kimi” mövzusunda onlayn seminar keçirib, Anar Qafarov isə Qərbdə İslam tədqiqatları və Hind-Çin fənlərindən onlayn dərslər keçir.
Həmçinin akademik Ramiz Mehdiyevin 2020-ci il 29 mart tarixli sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün distant tədris həyata keçirilir, sosial psixologiya ixtisası üzrə dərslər davam etdirilir.