Fərid Kazakov: Tamaşaçıları sevindirmək üçün gücümü və vaxtımı əsirgəmirəm
Bakı, 12 iyun, Tatyana İvanayeva, AZƏRTAC
Rəqs sənətindən söz açılanda, istiqamətindən asılı olmayaraq, yaddaşımız bizə bir qayda olaraq, dərhal Aysedora Dunkanın adını xatırladır. Onun yaradıcılığının əsas qayəsi insan hərəkətinin təbii davamı olan rəqsdən ibarətdir. Digər tərəfdən, Dunkan həmişə duyğularını və hisslərini göstərməklə, rəqsi daxildən ifa etməyə səsləyirdi. Beləliklə, məzmunun hər bir ifaçının özü üçün unikal hesab etdiyi formada təqdim edilməsi baş verir. Yəni bir hərəkət iki şəxs tərəfindən texniki cəhətdən düzgün həyata keçirilsə də, daxili hisslərin və duyğuların uyğunsuzluğu səbəbindən fərqli görünə bilər. Hər kəs öz rəqs aləmində özünəməxsus, individual və azaddır...
Fərid Kazakov - Azərbaycan və Rusiyanın quruluşçu xoreoqrafı, rəqqas, balet artisti, Bakı Xoreoqrafiya Akademiyasının məzunu, Dünya Rəqs Olimpiadasının (World Dance Olympiad) mütləq çempionu, Rusiyanın üçqat ən yaxşı solisti, Türkiyənin “Turkiye Zirve Ödülleri” Milli Mükafatının və “Türkiyənin ən istedadlı rəqqası” adının sahibi, Azərbaycan Milli Mükafatının ikiqat laureatı, habelə Beynəlxalq, Ümumrusiya və Azərbaycan müsabiqələrinin və beynəlxalq və milli Qran-prilərin qalibi, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunudur.
Fərid Kazakovun adı XXI əsr Azərbaycan gənclərinin görkəmli nümayəndələrindən biri kimi “Zirvədəki azərbaycanlılar” kitabına daxil edilib.
Bəs cazibədar rəqs dünyasının hansı çətinlikləri var və Fərid Kazakovun bütün şəxsi uğurlarının arxasında nə dayanır? Rəqqas bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində danışıb.
- Jest yer üzündə ən universal dildir. Rəqs və hərəkət - bu dünyaya səssiz müraciətdir. Bu yolu seçməklə, danışıq formasından özünüz könüllü olaraq uzaqlaşmağa qərar vermisiniz? Jestlə və rəqslə nəyi demək olar və nəyi demək olmaz?
- Yaradıcılıq yolumun əvvəlindən ilk və əsas yol göstərən müəllimim, Sovet baletinin əfsanəsi Tamilla Şirəliyeva mənə öyrədib ki, rəqs sənəti sadəcə jestlər və hərəkətlər toplusu deyil, həm də hər bir tamaşaçının ruhunun simlərinə toxunmalı olan həyat hekayələrini səhnədə yaşamaq imkanıdır. Mən həmişə buna əməl etmişəm və bu günə qədər də əməl edirəm. Qeyd etmək istəyirəm ki, bu təcrübə sənətçini çox dəyişdirir. Əgər üstəlik, siz bu təcrübəni uşaqlıqdan öz üzərinizdə tətbiq edirsinizsə, tamamilə dəyişməyə başlayırsınız. Səhnədəki bütün duyğuları yaşamaq fürsəti əldə etdiyim üçün yaradıcılıq taleyimə minnətdaram. Bu, məni güclü bir şəxsiyyətə çevirib.
- Ancaq bəzən eşidilmək üçün qışqırmaq və ya psixoloqların tövsiyə etdiyi kimi sadəcə “gərginliyi çıxarmaq” lazım gəlir. Bəs bu zaman “fəryadınız” hansı formada ifadə olunur?
- Həqiqətən, həyatımda elə bir dövr yetişmişdi ki, artıq klassik baletlərdən olan qəhrəmanların roluna alışmalı, hekayələrini danışmalı və taleyini yaşamalı olduğum balet variasiyalarını ifa etmək istəmirdim. O dövrdə mən artıq bir insan kimi formalaşmışdım və deyə biləcəyim, danışacağım və göstərəcəyim rəqslər var idi. Beləliklə, mən bu məsuliyyəti öz üzərimə götürməyə qərar verərək, ölkənin ilk rəqqası kimi 2020-ci ildə Azərbaycanda ilk xoreoqrafik “Enuement” monotamaşasını təqdim etdim və burada tamaşaçılara səhnə dekorasiyasının astar hissəsini nümayiş etdirdim. “Enuement” keçmişə qayıdış və özünlə söhbət deməkdir.
- Bunun üçün zərurət yaranmışdı?
- Hər kəs bəzən keçmişə qayıtmaq və gələcəkdə onu nə gözlədiyini bilmək istəyir. Həsəd aparanlardan qorunmaq, şan-şöhrətdən, zəfərdən və fiziki xəsarətlərdən əvvəlcədən xəbərdar olmaq lazım gəlir. Bu monotamaşada məkanı səhnəyə (tamaşalar, alqışlar və xoş qarşılayan tamaşaçılara), eləcə də pərdə arxasına (ağrı, qançırlar, zədələr və həsəd aparan insanlara) ayırmışam. Mən çox xoşbəxtəm ki, səhnəyə qoyduğum əsər böyük uğur qazanıb və bir çox görkəmli incəsənət xadimlərinin və monotamaşanı izləyənlərin də dediyi kimi, Azərbaycan rəqsinin müasir tarixinə daxil ola bilib.
Tanınmış azərbaycanlı vokalçı və pedaqoq Qasım Xəlilovun çoxsaylı rəylərindən birini sizinlə bölüşmək istərdim: “Çox istedadlı, səhnədə tək çıxış edən aktyor-rəqqas Fərid Kazakovun iştirakı ilə monotamaşanın premyerası çox gözəl təəssürat oyatdı. Aktyor özlərini sevimli sənətlərinə həsr etmiş bir çox yaradıcı insanın təcəssüm olunduğu kollektiv görüntü yaratmağa müvəffəq oldu! Mən peşəkar bir insan kimi əminliklə deyə bilərəm ki, Fərid Kazakov mədəni cəmiyyətimizdə yüksək səviyyəli və çoxşaxəli istedadlardan biridir, dövrümüzün yaradıcı yetirmələrindən biridir. Bədənin plastikasını mükəmməl şəkildə mənimsəməklə yanaşı, üzünün mimik ifadələri və bədən hərəkəti ilə müxtəlif bədii obrazların həyəcanlarını, şübhələrini, ümidsizliyini çatdıran möhtəşəm dramatik aktyordur. Fərid Kazakov Azərbaycanı hələ çox yüksəklərdə təmsil edəcək! Ona müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayıram!”
Bu cür peşəkar insanların fikirlərini yüksək qiymətləndirirəm. Premyera üzərində işləyərkən çox səy sərf etsəm də, onu da deyim ki, Azərbaycanda və onun hüdudlarından kənarda tamaşaçıları sevindirmək üçün gücümü və vaxtımı əsirgəmirəm.
- Bədən - rəqqasın təsir vasitəsidir. Onun üzərində işləmək mümkündür və hətta lazımdır. Onu məhv etmək və ya əksinə, canlandırıb həyat vermək olar. Öz bədəninizlə şəxsi dialoqunuzu necə qurursunuz?
- Rəqs sənəti dünyasına ilk gəlişimdən bəri öz bədənimlə dialoq qurmağa başlamışam. Müsahibələrimin çoxunda xoreoqrafiya dərsləri üçün görünüşümdən başqa heç bir təbii özəlliyim olmadığını dəfələrlə vurğulamışam. Bakı Xoreoqrafiya Akademiyasına qəbul imtahanlarında mənə inanan və təhsil almağa imkan yaradan yeganə şəxs yuxarıda adını çəkdiyim əsas müəllimim - Tamilla Şirəliyeva olub. Onun xeyir-duası ilə bu uzun və çətin yoluma qədəm qoymuşam. Mən Oğlaq bürcüyəm, ilim isə Alovlu Öküz ilidir. Düşünürəm ki, bu bürclərin xüsusiyyətləri taleyimdə əhəmiyyətli rol oynayıb. Hər zaman hamıdan çox işləyirəm və zəhmətsevərliyimə görə böyük uğurlara nail olacağıma çox inanıram.
- Kontemp, balet, caz, modern ... Hansı növə üstünlük vermək seçiminiz var idi? Sizin üçün bunun fərqi nədən ibarətdir? Fiziki və daxili psixoloji məzmununuz daha çox hansına yaxındır? Bu bağlılıq nə qədər vacibdir?
- Əlbəttə, seçim var idi, amma həmişə olduğu kimi, gimnastika, klassik balet və müasir rəqsi birləşdirdiyim müəllif janrımı yaratmağa üstünlük verdim. Mənim yaradıcı taleyim belədir - hər şeydə yenilikçi olmaq! (gülür). Başa düşdüm ki, öyrəndiyim hər bir şey mənə yaddır və harada rahat olacağamsa, harada yarada biləcəyimsə, mən məhz orada olmaq istəyirəm. Bu fikirlə də “Central Asia's Got Talent” beynəlxalq istedad şousunda iştirak etdim. Layihənin əvvəlindən finala qədər mən öz müəllif əsərlərimi və ifamı nümayiş etdirirdim, bu gün şagirdlərim Azərbaycanda və Rusiyada məhz tərtib etdiyim bu üsulla məşq edirlər. Mən daim peşəkar yeniliklərin tərəfdarıyam.
- Müasir rəqs - müxtəlif texnikaları nəzərdə tutan çoxistiqamətli sənət deməkdir. Bu isə o deməkdir ki, öyrənməyi daim davam etdirmək lazımdır. Digər rəqqaslar tərəfindən əldə edilən uğuru təkrarlamaq istəyi baş qaldırırmı? Rəqsdə plagiat nə qədər məqbul sayılır?
- Xeyr, heç vaxt! Mən hər şeydə fərdiliyin və müəllif imzasının tərəfdarıyam! Təkrarlamaq və plagiatlıq etmək bu qədər məqbul sayılan işdirsə, bəs mən bu qədər ağır sınaqlardan nə üçün keçmişəm.
- Bir çox rəqqaslar “ürəyi sıxmamaq” ifadəsini tez-tez işlədirlər. Ancaq onu da qeyd etmək lazımdır ki, bu, yalnız texniki yanaşmanı nəzərdə tutmur. Peşəkar fəaliyyətini rəqslə əlaqələndirən yaradıcı insan üçün, rəqs dünyası bu qədər çətin və amansız olduğu halda, “ürəyini sıxmamağı” öyrənmək nə qədər vacibdir?
- Həqiqətən, rəqs dünyası çox amansızdır. Xüsusilə balet aləmi. Rəqs dünyasında çox nadir hallarda özünüz olmaq imkanı verilir. Artıq təcrübəli bir müəllim olaraq deyə bilərəm ki, uşaqlar dəstək və sevgi mühitində böyüməlidirlər. Əks təqdirdə, bu həyatda ayaqda qala bilmək olduqca çətin olur...