Fərid Qayıbov İƏT ölkələri gənclər və idman nazirlərinin V konfransında iştirak edib
Qahirə, 8 sentyabr, AZƏRTAC
Ciddədə Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki Al-Faysalın sədrliyi ilə “Ümmət üçün gənclərin və idmanın inkişafı” mövzusunda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərinin V konfransı keçirilib. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən nazir F.Qayıbov ölkəmizdə gənclər siyasəti, idmanın inkişafı, müxtəlif mötəbər beynəlxalq idman tədbirləri, o cümlədən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarının təşkilindən bəhs edib. O vurğulayıb ki, Azərbaycan dövləti İslam ölkələrində gənclərin həmrəyliyi, birgə idman tədbirlərinin keçirilməsinə böyük əhəmiyyət verir.
Sessiyada çıxış edən İƏT-in Baş katibi Hissein Brahim Taha İƏT ölkələri gənclər və idman nazirlərinin IV konfransına ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib. Baş katib İslam ölkələrində gənclərin həmrəyliyi, ekstremizmə və terrorizmə qarşı mübarizə, miqrasiya, işsizlik probleminin həlli və digər aktual məsələlərdən bəhs edib. O vurğulayıb ki, BMT-nin məlumatına görə, 2050-ci ildə dünya gənclərinin üçdə bir hissəsi müsəlman gənclərdən ibarət olacaq və rəhbərlik etdiyi təşkilatın Baş Katibliyi gənclərin cəmiyyət həyatında daha fəal iştirakı istiqamətində müxtəlif layihələr həyata keçirəcək. İƏT-in rəhbəri üzv ölkələri bu layihələrdə fəal iştirak etməyə dəvət edib.
Tədbirin açılışında Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki Al-Faysal, İƏT Baş katibinin köməkçisi Tariq Əli Bəxet çıxış ediblər.
Sonra İslam İnkişaf Bankı (IdB), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), İƏT-in Qadın İnkişafı Təşkilatı (WDO) başda olmaqla, təşkilata üzv dövlətlərin gənclər və idman sahəsində çalışan qurumlarının, habelə İslam Ölkələri Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Tədris Mərkəzi (SESRIC), Ticarətin İnkişafı üzrə İslam Mərkəzi (ICDT), İslam Həmrəyliyi İdman Federasiyası (ISSF), İslam Əməkdaşlıq Gənclər Forumu (ICGF) və Beynəlxalq Müsəlman Skautlar İttifaqının (IUMS) fəaliyyətləri nəzərdən keçirilib.
Konfransın yekununa dair Bəyannamə qəbul olunub.
Qahirə