Fərid Şəfiyev: Bəzi Qərb ölkələri Azərbaycana qarşı təzyiq çərçivəsində İslamofobiyadan istifadə edir
Bakı, 5 mart, AZƏRTAC
Fransa başda olmaqla, bəzi Qərb ölkələri Azərbaycana qarşı təzyiq çərçivəsində İslamofobiyadan geniş istifadə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ölkəmizdə keçiriləcək beynəlxalq elmi konfransla əlaqədar martın 5-də təşkil edilən mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
Müəyyən dövrlərdə ölkəmizə qarşı göstərilən müxtəlif təsirlərdən danışan F.Şəfiyev son dövrlərdə Fransa başda olmaqla, bəzi Qərb ölkələrinin Azərbaycana qarşı təzyiqlərinin daha da gücləndiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu, hər şeydən əvvəl Azərbaycanın yeni reallıq yaratması ilə bağlıdır.
Fərid Şəfiyev qeyd edib ki, Azərbaycanda keçiriləcək "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ölkəmizdə keçiriləcək beynəlxalq elmi konfrans xüsusi əhəmiyyət daşıyır. Bu konfrans Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.