Fevralda Başkortostan müəssisələrinin biznes missiyası ölkəmizə səfər edəcək
Bakı, 26 yanvar, AZƏRTAC
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Başkortostan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin və İxraca Dəstək Mərkəzinin rəhbərliyi ilə videokonfrans formatında görüş keçirib.
AZƏRTAC Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadla xəbər verir ki, iclasda bu il fevralın ortalarında Başkortostan müəssisələrinin ölkəmizə biznes missiyasına hazırlıq məsələlərinə baxılıb. Başkortostan Respublikasının xarici iqtisadi əlaqələr nazirinin birinci müavini Lena İzotova aviasiya məhsulları, polimer qablaşdırma, qida sənayesi, dənli bitkilər, gübrə, bitki yağları, kimyəvi reagentlər, dəzgah avadanlığı və sair məhsulların istehsalı üzrə 17 müəssisənin biznes missiyasında iştirak etmək üçün müraciət etdiyini deyib. İşgüzar missiyanın proqramında Rusiya Ticarət Nümayəndəliyində və Rusiya İxrac Mərkəzinin ölkəmizdəki nümayəndəliyində danışıqlar və məsləhətləşmələr, Azərbaycan müəssisələrinə səfərlər nəzərdə tutulur.