FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirir VİDEO
Bakı, 26 iyul, Göyçək Mahmudlu, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində iyulun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, FHN-in Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan, nəzəri və praktik hissələrdən ibarət olan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınların qarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradan qaldırılması üçün marşalların bacarıq və təcrübələrinin artırılması olub.
Təlimin nəzəri hissəsində tədbir iştirakçılarına Bakı Şəhər Halqasının yanğınsöndürən marşallar komandası tərəfindən yanğın təhlükəsizliyi, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.
Praktiki hissədə isə iştirakçılara yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.
Fövqəladə Hallar Nazirliyinin Əməliyyat planlaşdırma şöbəsinin rəisi polkovnik-leytenantı Elvin Ağayevin sözlərinə görə, iki hissədən ibarət olan təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 60 nəfəri FHN-in peşəkar yanğınsöndürən və xilasediciləridir: “Bu ilin iyul ayından başlayan bu növ təlimlər artıq üçüncü dəfədir keçirilir. Bundan sonra daha bir neçə təlimin keçirilməsi planlaşdırılır”.
Yanğınsöndürmə komandasının rəhbəri Vüsal Rüstəmovun sözlərinə görə, yanğınsöndürən marşallara yarış zamanı hansı yanğınsöndürən balondan istifadə olunması, yanğın olarsa ona hansı tərəfdən yaxınlaşmaları, onlara verilən komandaları necə icra etməkləri göstərilir. Təlimlər çərçivəsində marşallar yanğın zamanı onları gözləyən komandalarla tanış olurlar və effektiv şəkildə yanğını söndürə bilmək bacarığına yiyələnirlər. Trek boyunca FHN əməkdaşları və onların texnikaları da olur. Biz birbaşa onlarla “race control” vasitəsilə əlaqə saxlaya bilirik. Yanğının həcmi böyüyərsə, FHN əməkdaşları kömək edirlər. Onu da qeyd edim ki, FHN əməkdaşları “race control”un qərarından sonra trekə daxil ola və yanğını söndürə bilərlər”.
Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran-Prisi bu il sentyabrın 19-21-də paytaxt Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30 ədəddən çox xüsusi texnikası və 400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.