FHN-in Aran Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib
Bakı, 22 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi Kürdəmir rayonundakı “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə planının reallığının yoxlanılması, rəhbər, komandir-rəis heyətinə fövqəladə hallar zamanı fəaliyyət üzrə vərdişlərin aşılanması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili üsullarının, hesabat xarakterli sənədlərin tərtib edilməsi üzrə biliklərin təkmilləşdirilməsindən ibarət olub.
Məşqə FHN-in Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayonu Yanğından Mühafizə Hissəsinin qüvvələri, Kürdəmir Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, təcili tibbi yardım briqadası və “Şamaxı Dairy Farm” MMC-nin kollektivi cəlb olunub.
İki mərhələdə keçirilən məşqin ilk mərhələsi xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumat çatdırılıb, obyektin mülki müdafiə planı və vəzifəli şəxslərin funksional vəzifələri nəzərdən keçirilib.
Məşqin ikinci mərhələsində baş vermiş şərti fövqəladə hadisə barədə kəşfiyyat məlumatına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılaraq ilk yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasına təhvil verilib.
Daha sonra baş vermiş şərti yanğının söndürülməsi məqsədilə əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub, şərti yanğın qısa müddətdə söndürülüb.
Uğurla keçən məşqdən sonra nəticələrin təhlili aparılıb, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.