FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb VİDEO
Bakı, 6 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (FHN DYNX) ölkədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirləri fasiləsiz davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə DYNX tərəfindən vətəndaşların müraciəti əsasında aparılmış plandankənar yoxlama zamanı paytaxtın Nizami rayonunda Babək prospekti 2222-ci məhəllə ünvanında yerləşən “ENJOY” gecə əyləncə klubunda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyən obyektin əsas zalında döşəmə hissəsinin divar boyunca 40 santimetr hündürlükdə taxta diktlərdən istifadə olunaraq üzəri xalça ilə üzləndiyi və bunun da əlavə yanğın təhlükəsi yaratdığı, qapılarının təxliyə məqsədilə çıxış istiqamətində açılmasının təmin edilmədiyi, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlar, ehtiyat elektrik generatoru ilə təmin edilmədiyi və obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı məlum olub.
Araşdırmalar nəticəsində mövcud vəziyyətin obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi müəyyən edilib.
Qeyd olunan nöqsanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanununun 25-ci maddəsinin 9-cu bəndi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 28-ci maddəsi, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbləri rəhbər tutularaq “ENJOY” gecə əyləncə klubunda işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub.
Vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını bildiriblər.