FİFA PREZİDENTİ YOZEF BLATTER: BİZİM AZƏRBAYCANLA BAĞLI PLANLARIMIZ ÇOXDUR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan FİFA və UEFA prezidentləri oktyabrın 17-də AFFA-nın iqamətgahında mətbuat konfransı keçirmişlər.
Əsasən Azərbaycan və Ermənistan yığma komandaları arasında Avro-2008-in seçmə oyunları ilə bağlı yaranmış vəziyyətə toxunan FİFA prezidenti Yozef Blatter demişdir ki, futbol siyasətdən uzaq olmalıdır. Biz siyasi məsələlərin həllinə müəyyən yardım edə bilərik. Amma yaranmış problemi nəzərə alaraq çalışacağıq ki, bir daha Azərbaycan və Ermənistan komandaları bir qrupda yer almasınlar. 2010-cu il dünya çempionatının püşkatma mərasimində Azərbaycan və Ermənistan komandalarının adlarını bir səbətə yerləşdirəcəyik. Bununla da onlar bir qrupa düşməyəcəklər.
FİFA prezidenti demişdir ki, fəaliyyətimizin əsas məqsədi milli federasiyalara yardım etmək və bütün ölkələrdə futbolu inkişaf etdirməkdir. Bakıya üç il əvvəlki səfərimiz zamanı bu binanın təməlqoyma mərasimində iştirak etmişdik. Binanın inşasına müəyyən maliyyə yardımı da göstərmişik. Bu baxımdan binanın qısa müddət ərzində tikilib istifadəyə verilməsi bizi sevindirməyə bilməz. Təbii ki, bu, bizim Azərbaycanla bağlı sonuncu addımımız olmayacaq. Planlarımız çoxdur və siz bunlarla tanış olacaqsınız. Azərbaycan ilə əməkdaşlığımızı davam etdirəcək, bu ölkədə futbolun inkişafına köməyimizi əsirgəməyəcəyik.
Mişel Platini isə Azərbaycan və Ermənistan yığma futbol komandalarının bir qrupda yer almasını UEFA tərəfindən atılmış səhv addım olduğunu etiraf etmişdir. UEFA prezidenti demişdir ki, bununla bağlı ekspertlərə müraciət olunduqdan sonra Azərbaycan ilə Ermənistan komandaları arasında görüşlərin keçirilməsi məqsədəuyğun sayılmamışdır.
M. Platini gələcəkdə Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçirilə biləcəyini də istisna etməmişdir. O demişdir ki, əgər Azərbaycan öz namizədliyini irəli sürsə, Avropa futbol qurumunda bu müraciətə baxılacaqdır. Lakin bu, 2016-cı ildən tez olmayacaqdır.
Sonda FİFA və UEFA-nın vımpelləri AFFA-nın baş katibi Elxan Məmmədova təqdim edilmişdir. Y. Blatter Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovu FİFA-nın ordeni ilə mükafatlandırmışdır.