FİFA VƏ UEFA PREZİDENTLƏRİ AFFA-NIN İNZİBATİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan FİFA prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platini oktyabrın 17-də AFFA-nın inzibati binasının açılış mərasimində iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov bildirmişdir ki, ötən illər ərzində FİFA-nın “Qol”, UEFA-nın “Het-trik” proqramları çərçivəsində respublikamızda “Şəfa” stadionu, 40 ədəd süni örtüklü meydança tikilib istifadəyə verilmiş, Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmir olunmuşdur. Ölkədə futbolun inkişafında dövlətin xüsusi rolunu qeyd edən baş katib, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2005-ci il 10 oktyabr tarixli Sərəncamının futbolun kompleks tərəqqisi üçün geniş imkanlar açdığını söyləmişdir.
Mişel Platini AFFA, UEFA və FİFA-nın Azərbaycanda futbolun geniş təbliği və inkişafında üçtərəfli əməkdaşlığının vacibliyini vurğulamışdır. Y. Blatter isə AFFA prezidenti Ramiz Mirzəyevin xəstəliyi ilə əlaqədar bu tədbirdə iştirak etməməsindən təəssüfləndiyini söyləmişdir. FİFA prezidenti demişdir ki, bu gün biz Azərbaycan futbol evinin açılışında iştirak edirik. Adətən binanın təməli möhkəm olanda, o, uzun müddət yaşayır.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkədə futbola diqqət və qayğıdan danışmışdır. Nazir demişdir ki, bu gün respublikamızda aparılan tikinti-quruculuq işlərində idman obyektlərinin, futbol meydançalarının inşası mühüm yer tutur.
Sonra Y. Blatter və M. Platini rəmzi qırmızı lenti kəsmişlər. Binaya daxil olan qonaqlar foyedə quraşdırılmış böyük monitorda Yozef Blatterin və Mişel Platininin Azərbaycana 3 il əvvəlki səfərlərini və ölkə futbolu haqqında məlumatları əks etdirən klipi izləmişlər. Beynəlxalq futbol qurumlarının nümayəndələri AFFA-nın inzibati binasındakı otaqları gəzərək Assosiasiya əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olmuşlar.
AFFA-nın inzibati binasının açılış mərasimində Türkiyə Futbol Federasiyasının nümayəndəsi Süheyl Önen, Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Anatoli Bidenko, Serbiya Futbol Federasiyasının prezidenti Zvezdan Terziç iştirak etmişlər.