Fil Çandler: Dünya neft-qaz sahəsində Azərbaycanın əhəmiyyəti artmaqdadır
Bakı, 23 sentyabr, Laçın Sultanova, AZƏRTAC
Xəzər regionundakı digər ölkələrlə bərabər, dünyada ən qədim neftçıxarma ölkələrindən biri olan Azərbaycanın dünya neft-qaz sahəsində əhəmiyyəti getdikcə artmaqdadır. Keçən il Qazaxıstanda birinci Xəzər texniki konfransı uğurla keçirildi. Bunu nəzərə alaraq ikinci İllik Xəzər Texniki Konfransının və müvafiq sərginin Bakıda keçirilməsi qərara alındı.
SPE Neft-qaz sənayesi mühəndisləri cəmiyyətinin satış və biznesin inkişafı şöbəsinin rəhbəri Fil Çandler bu barədə AZƏRTAC-a müsahibəsində söhbət açıb.
Onun sözlərinə görə, Bakı Texniki Konfransında və noyabrın 4-6-da Bakıda keçiriləcək SPE sərgisində Azərbaycanda son texnoloji nailiyyətlərin öyrənilməsi, neft-qaz texnologiyaları sahəsində innovator, həmçinin regional və beynəlxalq səviyyəli yüksək texnologiyalar mərkəzi kimi Azərbaycanın rolunun tədqiq edilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.
Builki konfransın “Dəyişən şəraitdə sabit artımın və davamlı inkişafın təmin edilməsi” devizi xüsusən indiki mürəkkən şəraitdə Xəzər regionunun davamlı inkişafının dəstəklənməsinin əhəmiyyətinin artmasını əks etdirir. Bu fakt konfransın üç panel sessiyasının hər birinin tematikasında əks olunub: “Qaz yataqlarının işlənməsi”, “Risklərin və fəaliyyətin səmərəliliyinin idarə edilməsi - meqalayihələr”, “Sahənin tələbatının təhlili və regional potensialın inkişafı təcrübəsi”.
Fil Çandler deyib: “Texniki konfransın iş proqramında texniki fənnlərin geniş spektrini əhatə edən və Xəzər regionu mütəxəssislərinin aldığı praktiki biliklərin, mövcud texniki imkanların və problemlərin müzakirə edilməsi üçün geniş platforma təklif edir. Konfransın tədbirlərində iştirak etmək həm də texnologiyaların təkmilləşdirilməsi və yerli istedadlı gənclərin inkişaf etdirilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığı tənzimləməyə imkan yaradacaq”.
O xatırladıb ki, SPE konfransı Xəzər regionunda neft və qaz sahəsi ilə bağlı iki digər mühüm tədbirlə eyni vaxtda keçiriləcək. SPE neft-qaz sənayesi mühəndisləri cəmiyyətinin və bu əlavə konfransların təşkilatçılarının əməkdaşlığı daha geniş mövzu spektrini əhatə etməyə, nümayəndələrin bu sahədə çalışan çoxsaylı mütəxəssislər və ekspertlərlə təcrübə mübadiləsi aparmalarına imkan yaradacaq.