RƏSMİ XRONİKA
FİNLANDİYA PARLAMENTİNİN SƏDRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiya parlamentinə gəlmişdir.
Dövlətimizin başçısını binanın önündə parlamentin - Eduskuntanın sədri Sauli Niinistö, baş katib Seppo Tiitinen, xarici əlaqələr departamentinin rəisi xanım Katriina Kuusinen böyük ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev parlamentin üzvləri ilə görüşdü və Fəxri qonaqlar kitabını imzaladı.
Görüşdə parlamentlərarası əlaqələr, regional, beynəlxalq təşkilatlar çərçivəsində, habelə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, müxtəlif sahələrdə əlaqələr və digər məsələlər müzakirə olundu.
Sauli Niinistö bildirdi ki, Azərbaycanla Finlandiya arasında münasibətləri yaxşı qiymətləndirmək olar və aramızda heç bir problem yoxdur. Bu isə bizə beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi prinsiplər naminə qüvvələrimizi birləşdirməyə imkan verir. Parlamentin sədri son on il ərzində Azərbaycanda görülən işləri, neft-qaz sənayesinin inkişafını yüksək qiymətləndirdi, Azərbaycanda etibarlı və dayanıqlı iqtisadiyyata xeyli sərmayə qoyulduğunu vurğuladı. O dedi ki, biz Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk və Sizin səfəriniz xalqlarımız arasında münasibətlərin daha da yaxşılaşmasına və ikitərəfli əlaqələrin inkişafına müsbət təsirini göstərəcəkdir.
Prezident İlham Əliyev təşəkkür edərək dedi ki, bu, müstəqil Azərbaycanın Prezidentinin Finlandiyaya ilk rəsmi səfəridir. Azərbaycan iki ölkə arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir, eyni zamanda, Avropa İttifaqı ilə ikitərəfli və səmərəli əməkdaşlıq edir. Dövlətimizin başçısı Finlandiya ilə ikitərəfli əməkdaşlığın, siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu, iqtisadi əlaqələr üçün yeni imkanların açıldığını bildirdi, Azərbaycanda paralel şəkildə aparılan siyasi və iqtisadi-sosial islahatlardan danışdı.
Görüşdən sonra dövlətimizin başçısı parlamentin binası ilə yaxından tanış oldu.