RƏSMİ XRONİKA
FİNLANDİYA PREZİDENTİ XANIM TARYA HALONENİN BƏYANATI
-Hörmətli xanımlar və cənablar!
Düşünürəm ki, həmkarım Azərbaycan Prezidentinin, onun xanımının və nümayəndə heyətinin ölkəmizə səfəri uğurludur. Ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Lakin apardığımız danışıqlarda biz bu əlaqələrimizin müxtəlif sahələrdə daha da genişlənməsini və dərinləşməsini istədiyimizi vurğuladıq. Mən həmkarımın bu səfərini çox əhəmiyyətli hesab edirəm və artıq yeni səfərlərə, əlaqələrə və praktik əməkdaşlığa ümidlə baxıram.
Hazırda ölkələrimiz arasında iqtisadi əlaqələr o qədər geniş olmasa da, artıq Finlandiya şirkətləri Bakıda və ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərir. Ümid edirəm ki, biz birgə səylərlə əməkdaşlığın genişləndirilməsi üçün imkanları araşdıracağıq. Eyni zamanda, biz Azərbaycanın iş adamlarını Finlandiyada fəaliyyət göstərməyə dəvət edirik.
Biz Azərbaycanda, regionda və ümumiyyətlə, Avropadakı siyasi vəziyyəti ətraflı şəkildə müzakirə etdik. Dənizlərdəki vəziyyəti və eyni zamanda, ətraf mühitin qorunması barədə, ekoloji məsələləri də müzakirə etdik. Belə ki, bunlar daim gündəlikdə olan məsələlərdir. Hesab edirəm ki, bu sahədə və başqa sahələrdə bir-birimizlə təcrübəmizi bölüşə bilərik.
Finlandiya hazırda ATƏT-ə sədrlik edən ölkədir və biz çalışacağıq ki, Cənubi Qafqazdakı məsələlərin həllinə əlimizdən gələn köməyi edək. Lakin hələlik bu istiqamətdə nailiyyətlərimiz o qədər də böyük deyildir. Amma region ölkələrinin və beynəlxalq təşkilatların dəstəyinə bizim ehtiyacımız var. Mən bir daha əmin oldum ki, biz bu istiqamətdə müəyyən işlər aparırıq. Biz finlandiyalılar bu məsələlərə ciddi yanaşırıq və problemlərin həlli yollarının tapılmasında köməyimizi əsirgəmirik.
Xanımlar və cənablar, bununla da sözü həmkarıma verirəm.