Finlandiyadan olan 13 yaşlı dirijor Avropa orkestrlərini heyran edir VİDEO
Stokholm, 10 mart, AZƏRTAC
Finlandiyanın Kuopio şəhərindən olan 13 yaşlı Ariyyus Şeretskis artıq klassik musiqi dünyasında ilk ciddi addımlarını atır. Gənc yaşına baxmayaraq, o, Macarıstan və Danimarka da daxil olmaqla Avropanın müxtəlif ölkələrində peşəkar orkestrlərə dirijorluq edib.
AZƏRTAC xəbər verir ki, dirijorluğa maraq onda hələ uşaqlıqdan yaranıb. O, ailəsi ilə birlikdə tez-tez konsertlərə gedirdi. Əvvəlcə Ariyyus dirijorluğun əsaslarını Kuopio Simfonik Orkestrinin dirijoru Rauno Tikkanendən öyrənib, daha sonra isə tanınmış finlandiyalı pedaqoq Yorma Panulanın kurslarında iştirak edib. 2024-cü ildə gənc musiqiçi Minikapu gənc dirijorlar müsabiqəsinin finalına çıxıb.
Onun sözlərinə görə, böyüklərdən ibarət orkestrə dirijorluq etmək özünə inam və yaxşı hazırlıq tələb edir. Bununla belə, orkestr musiqiçiləri adətən onu dəstəkləyirlər.
Gənc dirijor hesab edir ki, orkestr bərabər musiqiçilərdən ibarət komandadır və burada aydın texnika, ifaçılarla əlaqə və emosiyaları çatdırmaq bacarığı mühüm rol oynayır. Konsertlərə hazırlıq çox vaxt aparır — o, hər gün partituraları öyrənir və texnikasını təkmilləşdirir.
Ariyyus həm məktəbdə, həm də Kuopio Konservatoriyasında təhsil alır və fortepianoda ifa edir. Boş vaxtlarında idmanla məşğul olur və digər gənc dirijorlarla ünsiyyət saxlayır.
2027-ci ildə o, Danimarkanın Odense şəhərinin Simfonik Orkestri ilə çıxış edəcək. Gənc musiqiçinin ən böyük arzusu isə bir gün Berlin Filarmoniya Orkestrinə dirijorluq etməkdir. Konsertlər zamanı onu həmişə anasının uğur üçün hədiyyə etdiyi kiçik amulet müşayiət edir.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm