FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ ÖZƏL ÇİMƏRLİKLƏRDƏ DİNCƏLƏNLƏRƏ XƏBƏRDARLIQ EDİR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”nin suda insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizəsi, çimərliklərdə müşahidə qülləsi olan xilasetmə stansiyasının (məntəqəsinin) fəaliyyət göstərməsi və orada peşəkar xilasedicilərin daimi növbətçiliyinin təşkil olunması haqqında tələblər özəl çimərliklərdə yerinə yetirilmir.
Bu barədə özəl çimərliklərin sahiblərinə Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən dəfələrlə yazılı xəbərdarlıq edilmişdir.
Bunları nəzərə alan Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətlərindən istifadə edərək özəl çimərliklərin 2006-cı il iyunun 20–dən bağlanması barədə qərar qəbul etmişdir.
Nazirlik vətəndaşlardan xahiş edir ki, öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoymasın, xilasetmə avadanlığı ilə təchiz olunmuş çimərliklərdə dincəlsinlər.