Fövqəladə Hallar Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Fövqəladə Hallar Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Dövlət Himni səsləndirilib, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndirib.
Qeyd olunub ki, Konstitusiyada ali hakimiyyətin yeganə mənbəyinin məhz xalqa məxsusluğunun bəyan edilməsi, dolğun şərh olunan insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin icra, qanunvericilik və məhkəmə orqanlarının ümdə vəzifəsi olaraq müəyyən edilməsi bu gün artıq dünya birliyində özünəlayiq yeri olan müstəqil respublikamızın ümumbəşəri demokratik imicini daha da yüksəldib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunmuş parlaq Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasını, nəticədə Dövlət Bayrağının ölkəmizin bütün ərazisində dalğalanmasını Azərbaycan tarixinin təkrarsız hadisəsi hesab etdiyini bildirən nazir Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin ata-baba torpaqlarına qayıtmasından danışıb.
Hər bir hüquqi dövlətdə dövlətin siyasi, hüquqi və ictimai həyatının təməl sütununun Konstitusiya olduğunu qeyd edən Konstitusiya Məhkəməsinin Aparatının İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov çıxışında demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanan və qəbul edilən Konstitusiyamızın tarixi əhəmiyyətindən bəhs edərək bildirib ki, Vətən müharibəsində düşmən üzərində qazanılan böyük Qələbə sayəsində ərazi bütövlüyümüz və suverenliyiniz tam bərpa edilərək Konstitusiyanın hüquqi qüvvəsi bütün torpaqlarımızda bərqərar olub.
Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş edilib.