Fransa koronavirus epidemiyasının 3-cü mərhələsindədir
Paris, 15 mart, AZƏRTAC
Fransada martın 15-dən gecə saat 00:00-dan etibarən ictimai məkanlar, restoranlar, kafelər, mehmanxanalar, mağazalar, diskotekalar, kinoteatrlar bağlanıb. Bu, xalqın müdafiəsi üçün ən yaxşı vasitədir.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın Baş Naziri Eduard Filip xalqa müraciətində bildirib və bu vəziyyətin yeni qərarın qəbul olunanadək davam edəcəyini qeyd edib. Ölkədə əsas apteklər və ərzaq mağazaları açıq olacaq.
Baş Nazir əhalini nəqliyyatdan, xüsusilə də şəhərlərarası nəqliyyatdan istifadə etməməyə səsləyib.
Səhiyyə naziri Olivye Veran bir gün ərzində ölkədə 800 yoluxma və 18 yeni ölüm halının olduğunu bəyan edib. Fransada yoluxanların ümumi sayı 3 min 661-ə, ölənlər isə 91-ə çatıb.
Səhiyyə üzrə baş direktor Jerom Salomon qeyd edib ki, 72 saat ərzində koronavirusa yoluxanların sayının iki dəfə artdığı üçün ölkədə epidemiyanın 3-cü mərhələsinə keçdiyini bildirib.
Ədliyyə naziri Fresnes həbsxanasında da ilk koronavirusa yoluxma halı aşkarlandığını xəbər verib.
Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədi ilə bütün ictimai məkanlar bağlansa da, bələdiyyə seçkilərinin qüvvədə qaldığı bildirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris