Fransa portalı: Ağ Ev Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmasına çağırır
Paris, 15 iyun, AZƏRTAC
Fransızdilli www.lelezard.com saytında “Ağ Ev Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının qaytarılmasına çağırır” başlıqlı məqalə dərc olunub.
Məqalədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə başlayan, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalan Sərsəng su anbarına görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya Obama administrasiyasının cavabından danışılır.
Petisiyanın nəzərdə tutulduğundan üç dəfə artıq imza topladığı diqqətə çatdırılır.
Məqalədə Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayondan söz açılır, AŞPA, BMT, Avropa Parlamenti və ATƏT kimi bir çox beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağırışları vurğulanır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.lelezard.com/communique-10509552.html
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris