Fransa Rusiya ilə strateji sabitliyin bərpası üçün danışıqları nəzərdən keçirir, amma dərhal yox
Paris, 15 fevral, AZƏRTAC
Fransanın xarici işlər naziri Jan-Noel Barro Münxendə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra Ukraynada müharibə, Avropa təhlükəsizliyi, BMT-də islahatlar və Çinlə münasibətlər barədə açıqlamalar verib.
AZƏRTAC xəbər verir ki, Fransa diplomatiyasının rəhbəri G7 ölkələrinin Rusiyaya təzyiq göstərmək və Ukraynanın enerji dayanıqlığını dəstəkləmək məqsədilə koordinasiyanı davam etdirdiklərini bildirib. O, hazırda hazırlanan 20-ci sanksiyalar paketinə Rusiya neftinin daşınması ilə bağlı dəniz xidmətlərinə qadağanın daxil edilə biləcəyinə dair “ehtiyatlı optimizm” ifadə edib.
Moskva ilə mümkün təmaslara gəldikdə isə nazir vurğulayıb ki, avropalılar bu müzakirələrdə iştirak etməlidir: “Avropalılar olmadan nə sülh, nə sanksiyaların ləğvi, nə də yenidənqurma maliyyələşməsi mümkündür”.
O, müdafiə sahəsində atılan addımlara uzunmüddətli perspektivdən yanaşmağın vacibliyini də qeyd edib: “Gələcəyimizi hərbi xərclərin limitsiz artırılması kimi görməməliyik”. Paris üçün əsas məqsəd Avropada strateji sabitliyi bərpa etməkdir və bu mərhələnin “şübhəsiz ki, Rusiya ilə müzakirələri tələb edəcəyini” bildirib.
Avropa təhlükəsizliyi məsələsinə toxunan Barro ABŞ-ın öhdəliklərinin təkamülünü Avropa baxış və imkanlarının inkişafı üçün stimul kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, müəyyən mənada NATO-nun “avropalaşdırılması” deməkdir və eyni zamanda Vaşinqtonla sıx koordinasiyanı qorumağı nəzərdə tutur.
Nazir əlavə edib ki, müttəfiqlər 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı öhdələrinə götürüblər. Bu addımın, gələcəkdə qitədə strateji sabitliyin bərpasına yönəlmiş danışıqlara başlamazdan əvvəl strateji paritetin təmin edilməsinə imkan verəcəyi bildirilib.
Pekinlə iqtisadi münasibətlərə dair suala cavab verən Barro bildirib ki, COVİD-19 pandemiyasından sonra Çin iqtisadiyyatının “möhtəşəm” göstəriciləri Avropada sənaye və məşğulluq üçün “şok” effekti yaradıb. O, Çinlə “qarşılıqlı hörmətə əsaslanan” tərəfdaşlıqların qurulmasına çağırıb və bunun xüsusilə Çin bazarının açılması və iqtisadi əməkdaşlıq üzərində qurulmalı olduğunu vurğulayıb. Əks halda avropalıların əsas maraqlarını qorumaq məcburiyyətində qalacağı bildirilib.