Fransa səhiyyəsində COVID-19 epidemiyasına qarşı mübarizə aparan azərbaycanlı həkim
Paris, 13 aprel, AZƏRTAC
Epidemiya dövründə ən vacib məsələ psixoloji durumu nikbin saxlamaqdır. Panika və stress immunitetin əsas düşmənlərindəndir. Psixoloji durumumuz immun sistemimizə təsir edir. Möhkəm immunitetimiz olmalıdır ki, xəstəliyə qalib gələk.
Həkimlər tərəfindən irəli sürülən gigiyenik qaydalara, xüsusilə də əllərin yuyulmasına diqqətlə riayət edilməlidir. COVID-19 virusuna yoluxmamaq üçün məhz bu qaydalara ciddi şəkildə riayət edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu haqda Strasburqda yerləşən Regional Səhiyyə Agentliyində (ARS) çalışan azərbaycanlı həkim Ülviyyə Əlizadə deyib.
Fransada COVID-19 epidemiyası başlayandan işinin 90 faizi bu xəstəliyə qarşı mübarizədə iştirak etmək olan Ü. Əlizadə arboviroz - ensefalit və qızdırma ilə xarakterizə olunan tropik xəstəliklər üzrə ixtisaslaşıb. O, Fransanın COVID-19 epidemiyasının ən çox yayıldığı Böyük Şərq regionunda yerləşən Regional Səhiyyə Agentliyində (ARS) məsləhətçi həkim işləyir.
“COVID-19 epidemiyası ilə bağlı ilk məlumat dekabrın sonunda verilib və yanvarın 10-dan mərkəzimizdə epidemiyaya hazırlıq işlərinə başlanılıb.
ARS-də əsasən koordinasiya işlərini aparırıq. Yoluxucu xəstəlik haqqında məlumat alan kimi xəstəliyin simptomları, onun qarşısının alınmasında görüləcək tədbirlərlə bağlı regiondakı həkimləri dərhal məlumatlandırırıq.
COVID-19 epidemiyası başlayanda dərhal sanitar böhran mərkəzi yaradıldı. Həmin mərkəzlə əlaqə saxlayır, zəruri suallara cavab alır və aldığımız məlumatları öz növbəmizdə yerli həkimlərə çatdırırıq.
Fransada ilk yoluxma yanvarın 24-də qeydə alınıb. Xəstəliyi aşkarlamaq üçün insanları test etməyə başlanıldı. Virusun yayılmasının qarşısını almaq üçün xəstə və ya xəstə danışa bilmədiyi halda onun ailə üzvləri ilə əlaqə saxlayır, onun harada yoluxmaq və kimləri yoluxdura biləcəyini müəyyən edirik. Xəstənin kontaktda olduğu insanları aşkarlayır və risk qruplarına görə müəyyən edirik”,-deyə Ü. Əlizadə bildirib.
Bildirib ki, belə pandemiyalar zamanı ən qorxulu bəzi xəstələrin asimptomatik olmasıdır. Belə xəstələr virusun sürətlə yayılmasına şərait yaradır. Xoşbəxtlikdən asimptomatik xəstələr az olur. Əks təqdirdə virusun qarşısını almaq çox çətin olar.
Regional Səhiyyə Agentliyinin (ARS) yoluxucu xəstəliklər üzrə koordinator rolu haqqında məlumat verərək, orada çalışan həkimləri “tibb müstəntiq”i adlandırıb. Bildirib ki, məhz ARS-də işləyən həkimlər hər hansı bir yoluxucu xəstəlik olduqda dərhal təhqiqata başlayırlar. İlk növbədə virusun mənbəyi, yoluxan şəxsin kontaktları haqqında məlumat toplayırlar. Lazımi məlumat əldə edildikdən sonra yoluxucu xəstəliyin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər müəyyən edilir və onlar yerli həkimlərə çatdırılır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris