Fransa və Əlcəzair arasında immiqrasiya sazişi yenidən müzakirə olunacaq
Paris, 4 noyabr, AZƏRTAC
Fransanın Baş naziri Sebastyan Lökornü bugünkü açıqlamasında 1968-ci il Fransa–Əlcəzair immiqrasiya sazişinin ləğv edilməsinin əleyhinə olduğunu, lakin onun mümkün qədər tez, yenidən müzakirələrə çıxarılmasını istədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu bəyanat ötən həftə Fransa Milli Assambleyasında deputatların həmin sazişi pisləyən və ləğvini tələb edən simvolik qətnamə qəbul etməsindən sonra verilib.
Qətnamə hüquqi qüvvəyə malik olmasa da, Fransa siyasətində immiqrasiya məsələsi ətrafında gərginliyi bir daha gündəmə gətirib.
“Mən bu sazişin ləğvinə inanmıram, lakin onun yenidən danışıqlara çıxarılmasına inanıram. Bu danışıqlar mümkün qədər tez başlamalıdır”, - deyə S.Lökornü vurğulayıb.
1968-ci ildə imzalanmış Fransa–Əlcəzair sazişi, Əlcəzair vətəndaşlarına Fransa ərazisində imtiyazlı immiqrasiya rejimi təqdim edir. Bu çərçivədə Əlcəzair vətəndaşları digər ölkə vətəndaşlarına nisbətən daha asan şəkildə Fransada yaşamaq və işləmək icazəsi ala bilirlər. Lakin son illərdə sazişin şərtləri, xüsusilə də miqrasiya siyasətinin sərtləşdirilməsi tənqid olunur. Tənqid edənlərin fikrincə, razılaşma artıq tarixi kontekstdən uzaqlaşıb və müasir reallıqlara cavab vermir.
Baş nazir Lökornü isə bu sənədin tamamilə ləğv edilməsinin əvəzinə, “Fransa və Əlcəzair arasında tarazlı, qarşılıqlı hörmətə əsaslanan yeni bir çərçivə” ilə əvəzlənməsinin daha məqsədəuyğun olduğunu deyib.
Yeni danışıqların nə vaxt başlanacağı hələlik dəqiq məlum olmasa da, Parisin bu istiqamətdə diplomatik kanalları tezliklə aktivləşdirməsi gözlənilir.