DÜNYA
Fransada hökumətin devrilməsinə baxmayaraq, davamlı tətillər başlayıb
Paris, 5 dekabr, AZƏRTAC
Fransada hökumətin devrilməsinə baxmayaraq, dövlət qulluğu sahəsində dekabrın 5-nə təyin edilmiş tətillər qüvvədə qalır.
AZƏRTAC xəbər verir ki, Fransa hökuməti devrilsə də, həmkarlar ittifaqları fransızları ictimai xidmətin vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün tətil çağırışlarını davam etdiriblər. Bu gün milli səviyyədə tətillər və etiraz nümayişləri başlayır.
Ölkədə dövlət qulluğu işçiləri, universitetlər, xəstəxanalar, hava və dəmir yolları işçiləri, ictimai nəqliyyat sahələrində tətillərə start verilib. Dəmir yolları sahəsində yükdaşımalara moratorium əldə etmək üçün məhdudiyyətsiz və davamlı tətil çağırışları edilir. Dekabrın 11-də, 12-də və 13-də tətillər davam etdiriləcək.
Paris, Marsel və Tuluzada aviareyslərinin 50 faizi ləğv olunub. Ölkədə təhsil müəssisələrinin əksəriyyəti bağlanıb. CFDT həmkarlar ittifaqı iş yerlərinin ixtisara düşməsinin çox güclü dalğası başlamazdan əvvəl ixtisarları məhdudlaşdırılmağa yönəlmiş tədbirlərin daha tez həyata keçirilməsi üçün məşğulluqla bağlı məsləhətləşmələrə çağırış edib.
Milli Statistika və İqtisadi Tədqiqat İnstitutunun (INSEE) məlumatına görə, işsizlik səviyyəsinin 2025-ci ildə aktiv əhali üçün 8 faizə yüksəlməsi ehtimalı var. Mövcud siyasi qeyri-sabitlik nəzərə alınmadığı üçün bu rəqəmin daha yüksək ola biləcəyi təxmin edilir.