FRANSADA XOCALI FACİƏSİ İLƏ BAĞLI İNFORMASİYA BÜLLETENİ YAYILMIŞDIR
Sovet ordusunun 366-cı alayının köməyi sayəsində təpədən dırnağa qədər silahlanmış erməni əsgərlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək günahsız dinc əhaliyə amansız divan tutmaları, əsasən, qoca, uşaq və qadınlardan ibarət 613 nəfəri qəddarcasına qətlə yetirmələri, 1275 sakini girov götürmələri, yüzlərlə xocalılının itkin düşməsi, şəhərin tamamilə darmadağın edilməsi bülletendə öz əksini tapmışdır.
Bülletendə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistandan 250.000 soydaşımızın doğma ata-baba yurdlarından zorla çıxarılması, ərazilərimizin 20 faizinin işğal olunması nəticəsində 800.000-dən artıq azərbaycanlının öz vətənində qaçqın kimi məskunlaşması barədə ətraflı məlumat verilmişdir.
Ermənistanın yürütdüyü zorakılıq və işğalçılıq siyasətini tam açıqlayan bülletendə, həmçinin zəbt olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonda şəhər və kəndlərin, minlərlə sənaye və kənd təsərrüfatı obyektinin, yüzlərlə məktəb və uşaq bağçasının, xəstəxanaların, kitabxana və muzeylərin, xalqımızın keçmiş tarixindən xəbər verən mədəni abidələrin yerlə-yeksan edildiyi və yandırıldığı qeyd olunmuşdur.
Sonda XXI əsrin başlanğıcında zorakılığa və ədalətsizliyə son qoyulacağına, ümumbəşəri dəyərlərin və beynəlxalq hüquq normalarının zəfərinə böyük inam bəslənildiyi xüsusi vurğulanmışdır.