Fransalı parlamentarilər: Azərbaycan da Fransa kimi öz haqqını tələb edir
Paris, 25 iyul, AZƏRTAC
Fransızlar qisas müharibəsi elan etmədilər. Lakin 1870-ci ildə işğalçı tərəf təcavüz cinayətini yenidən başladıqdan sonra torpağın müdafiəsi məqsədilə və iki vilayətin geri alınması üçün müharibə millətin instinktiv məqsədi oldu. Bununla əlaqədar heç bir tərəddüd və ya şübhə ola bilməz. Bu, xalqın əsl və sadə bir təbii haqqını təşkil edirdi. Andre Tardyö “Sü lh” əsərində 1870-ci ildə Fransanın öz suverenliyini bərpa etmək üçün mübarizəyə qalxmasını əsaslandırmaq üçün belə yazmışdı.
Bu gün Azərbaycan da Fransa kimi öz suverenliyi uğrunda təbii haqqını tələb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın bir qrup parlamentarisinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi son hərbi təxribatla bağlı Fransa Prezidenti Emmanuel Makrona ünvanladıqları məktubda yer alıb.
Məktubda bildirilir ki, Ermənistan 30 ildir Azərbaycan torpaqlarını hərbi işğal altında saxlayır. Bir neçə gün əvvəl, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində qeyri-qanuni hərbi təxribata əl atıb.
Diqqətə çatdırılır ki, transmilli neft kəmərinin keçdiyi mühüm strateji regionda ermənilərin törətdiyi hərbi təxribat nəticəsində 12 Azərbaycan hərbçisi həlak olub. Bu, beynəlxalq ictimaiyyətə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən hərbi yolla işğal edilməsini xatırladır.
Məktubda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr və Ermənistanın bu qətnamələrə riayət etmədiyi vurğulanır.
“Beynəlxalq ictimaiyyət, eləcə də Fransa Ermənistanın beynəlxalq hüquqa riayət etməsi üçün qəti mövqe tutaraq təcili hərəkət etməlidir. Vasitəçilərin süründürməçiliyinə son qoymağın vaxtı çatıb. İndi yalnız Azərbaycanın təmkinli olması sayəsində Qafqazda döyüşlərin alovlanmasının qarşısını almaq mümkün olub. Hərbi əməliyyatların yenidən başlaması seçim ola bilməz və olmamalıdır.
Buna görə, cənab Prezident, Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyətlərinizə uyğun olaraq dərhal tədbir görməyinizi xahiş edirik”, - deyə parlamentarilər məktubda qeyd ediblər.
Məktub Gi Briku, Jan-Pyer Door, Alən Uper, Jerom Lamber, Andre Rişar və Jan-Lük Retser tərəfindən imzalanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris