Fransız ekspertlər Avropada islamofobiyanın səbəbləri barədə - AZƏRTAC-ın araşdırması VİDEO
Paris, 30 may, AZƏRTAC
Son aylar Avropada islamofobiya getdikcə artır və islamofob meyillər özünü açıq şəkildə büruzə verməkdədir. “Köhnə qitə”nin müxtəlif ölkələrində mütəmadi olaraq məscidlərə hücumlar edilir, müxtəlif karikaturalar yayımlanır, müsəlmanların müqəddəs kitabı yandırılır, digər təxribatlar törədilir. Ancaq demokratiyadan danışan Avropa belə qəbuledilməz addımları ifadə, söz azadlığı ilə pərdələyir. Dini qarşıdurma kimi təhlükəli hallara gətirib çıxara biləcək belə təxribatlardan daha acınacaqlısı isə odur ki, belə hallar təşviq edilir, bəzən bu aktları törədənlər mühafizə olunur və cəzasız qalır. Cəzasızlığın nəticələri isə hamıya bəllidir. Dini zəmində olan belə təxribatçı hərəkətlərin hətta bəzi ölkələrdə dövlət səviyyəsində dəstəklənir.
Avropa anlamalıdır ki, hər kəsin ifadə, söz azadlığının sərhədi başqasının ifadə, söz azadlığı başlayana qədərdir. Hər bir azadlığın sərhədi var, sərhəd aşılanda artıq azadlıq yox, anarxiya olur. Başqalarının şərəf və ləyaqətini tapdalamaq ifadə, söz azadlığı ola bilməz.
Bəzi ekspertlər qeyd edirlər ki, müsəlmanların sayının çox olması və qarşıdan gələn illərdə daha da artacağı ilə bağlı statistikalar digər dinə mənsub insanlar arasında qısqanclıq və qorxu hissi yaradır. İslamofobiyanın müəyyən mənada məhz bu subyektiv qorxudan yarandığı da vurğulanır.
AZƏRTAC Avropada artan islamofobiyanın səbəbləri ilə bağlı qısa araşdırma aparıb.
Fobiya əsassız qorxudur
İslamofobiyaya dair fikirlərini AZƏRTAC-la bölüşən İslam dini üzrə fransız ekspert, psixoanalitik Abdesalem Sami bildirib ki, fobiya əsassız qorxudur, yəni, obyektiv deyil, subyektivdir. İslamofobiya köhnə qorxudur. Bu, patologiyadır, xəstəlikdir, problemdir.
A.Sami islamofobiyanın səbəblərindən danışaraq, bunun fərdlərlə də bağlı olduğunu bildirib. Deyib ki, islamofobiya bəzi insanların müsəlmanlara xoşagəlməz münasibətindən də yarana bilər. Məsələn, İsveçdə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”in yandırılması həmin hadisəni törədən şəxsin hər hansısa müsəlmanla mənfi münasibətinin təzahürü ola bilər. Bu hadisə baş verdikdən bir müddət sonra unudula da bilər. Ancaq müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, bu gün baş verənlər islamofobiyanın təşviq edildiyini aydın şəkildə göstərir. İslamofobiya hərəkətlərlə, sözlərlə, hətta yazılı şəkildə təbliğ edilir. İslamofobiya üzrə ixtisaslaşmış mətbuat orqanları var. Onların əsas işi “İslam təhlükəlidir”, “müsəlmanlar ekstremistlərdir, diqqətli olun” kimi fikirləri mütəmadi olaraq insanlara aşılamaqdan ibarətdir.
İslam haqqında geniş məlumata malik olmamaq islamofobiya yaran amillərdəndir
Təəssüf ki, Skandinaviya ölkələrində islamofobiya aktlarına daha çox rast gəlinir. Bu gün bu ölkələrdə mövcud ideologiyalar çox təhlükəlidir. İdeologiya cəmiyyətdə güclü təsirə malikdir”, - deyən A.Sami bildirib ki, bu gün islamofobiyanın artmasının əsas səbəblərindən biri də insanların İslamı yaxşı bilməməsidir. Bütün böyük problemlərin əsasında savadsızlıq durur. Hətta müsəlmanların bəziləri özləri də dinlərini yaxşı bilmirlər.
Fransız ekspertə görə, islamofobiyaya lazımi qaydada, ağılla cavab vermək lazımdır. Süni şəkildə törədilən islamofob, təxribatçı aktlara zorakılıqla cavab vermək düzgün deyil. Təxribatlara uymaq olmaz. Bəzən belə təxribatlara aqressiv cavab verənlər olur. Ancaq unutmaq olmaz ki, bütün müharibələr belə kiçik qığılcımlardan başlayır. İslamofobiya təhlükəlidir, onun qarşısı vaxtında alınmalıdır.
İslamofobiyanın artmasında medianın rolu
Həmişə olduğu kimi, bu gün də media bütün sahələr üzrə təbliğat işlərini aparılmasında aparıcı vasitədir. Ona görə də islamofob meyillərin artmasında medianın da rolu az deyil. Avropa ölkələrində fəaliyyət göstərən bəzi media orqanları sanki islamofobiyanın qızışdırılmasına xidmət edir. Bunu bir neçə il əvvəl Məhəmməd peyğəmbərin karikaturasını yayan Fransanın “Charlie Hebdo” jurnalının timsalında da görmək mümkündür. Bu jurnalın əməkdaşları atdıqları addımla sanki İslam dəyərlərini təhqir etmək, islamofobiyanı qızışdırmaq və bununla da müsəlmanları təxribatlara çəkmək məqsədi güdürdülər. Buna görə də bu gün daha səbirli olmaq, baş verən hadisələrə düşünülmüş şəkildə reaksiya vermək, eyni zamanda, təxribatlara uymamaq zərurəti meydana çıxır. Hadisələrin səbəbi, məqsədi və iştirakçıları heç də həmişə aydın şəkildə göründüyü kimi olmur.
Dini dəyərlərin şüurlu şəkildə təhqir edilməsi
İslam üzrə digər ekspert Abdelfattah Rahaui isə AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, dini dəyərlərin təhqir olunması və həmin şəxslərin cəzasız qalması bunun şüurlu şəkildə törədilməsindən xəbər verir. Avropada İslama qarşı radikal hərəkətlər aydın görünür, ancaq heç kim bunu qəbul etmək istəmir. “Qurani-Kərim”i yandıran şəxsin cəzalandırılması islamofobiyanın etiraf edilməsi olacaq. Müqəddəs “Quran” kitabının yandırılması islamofobiyanı əks etdirən faktlardan biridir. Dini düşmənçilik, irqçilik hər gün baş verir. Başıbağlı qadınlara hücumlar edilir, baş örtüyünü cırıb atır, təhqir edirlər. Belə bir hiss yaranır ki, hansısa qüvvələr bu cür vandallıq aktlarına şərait yaratmaqla müsəlmanları zorakılığa sövq etməyə çalışırlar.
Müsəlman icmaları belə təxribatçı addımları anlayır və mümkün qədər sərt reaksiya verməməyə çalışırlar. Amma bunu hər zaman nəzarətdə saxlamaq mümkün deyil. Avropa cəmiyyətlərində nə vaxtsa dinlərarası toqquşmanın olacağı qaçılmazdır və bu, zəncirvari şəkildə baş verəcək.
Fransada müsəlmanların ibadət azadlığını məhdudlaşdıran qanunlar ....
Fransada son dövrlər müsəlmanların ibadət azadlığını məhdudlaşdıran həddən çox qanun qəbul edilib. Bu qanunlar göstərir ki, bu ölkədə müsəlmanlara qarşı necə münasibət var. Bu qanunların sayı ölkədə islamofobiyanın nə qədər güclü olduğunu da əks etdirir. Fransada müsəlmanların ən elementar hüquqları pozulur.
Fransada “Qurani—Kərim”in yandırılması və digər islamofob aktlara görə ədalət məhkəməsi qarşısına çıxmaq da yoxdur. Cəmiyyətdə ədalətsiz yanaşma heç vaxt sülhə aparmayacaq. Hökumətlər belə ədalətsiz aktlara reaksiya vermirlər. Buna görə də belə ədalətsiz aktlara qarşı zorakı reaksiyalar qaçılmaz ola bilər. Belə aktlar məhz müsəlmanları zorakılıqlara çəkərək tələyə salmaq üçündür. İslamofobiya bir çox siyasətçilər üçün münasibdir, onları qane edir. Çünki onlar seçkilərdə məhz bu amildən də faydalanırlar.
İslamofobiya - “Avropa kimliyi”
Ekspertlərin fikrincə, Avropada islamofob meyillərin son dövrlər daha da artmasının əsas səbəblərindən biri “Avropa kimliyi”nin təhlükədə olması fikridir. Eyni zamanda, İslamın Qərb dəyərlərinə qarşı təhlükə kimi hesab edilməsidir. Avropanın müsəlman əhalisinin sayının sürətlə artması, Afrika və Asiyadan qaçqın axınını nəzərə alsaq, bu narahatlıqların müəyyən mənada əsaslı olması qənaətinə gəlmək olar. Lakin problemin həll yolu kimi müsəlmanlara qarşı ayrı-seçkiliyin, İslam dini dəyərlərinin təhqir olunmasının, fiziki zorakılığın təbliği və himayə edilməsi seçimi Avropa kimliyinin xilası yox, onun daha dərin böhrana qərq olması ilə nəticələnə bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris