Füzuli və Ucar rayonlarından da Türkiyəyə yardım yollanıb
Gəncə, 11 fevral, Elcan Məmmədov, AZƏRTAC
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Ucar və Füzuli rayonları da qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 11-də rayon icra hakimiyyətləri tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Füzuli və Ucar rayonlarından Türkiyəyə generator, qızdırıcı, yorğan-döşək, ədyal, gödəkcə, qış geyimi, çarpayı, fənər və konservləşdirilmiş qida məhsulları göndərilib.
Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.