Füzulidə 3 su anbarında təmir və bərpa işləri aparılır
Füzuli, 14 aprel, A.Yavərzadə, AZƏRTAC
Otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız azad edildikdən sonra su anbarlarında təmir və bərpa işlərinə başlanılıb. Füzuli rayonundakı 3 su anbarında da hazırda təmir və bərpa işləri aparılır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarları mövcuddur. “Köndələnçay-1” 1951-ci ildə, “Köndələnçay-2” 1962-ci ildə, “Aşağı Köndələnçay” su anbarı isə 1980-cı ildə tikilib istismara verilib. “Köndələnçay-1” və “Köndələnçay-2” su anbarları “Aşağı Köndələnçay” su anbarının qidalandırılması rolunu oynayır. 30 il baxımsız qaldığı üçün hər 3 anbar qəzalı vəziyyətə düşüb. Buna görə də anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, selötürücü kanallarda təmir işləri həyata keçirilir. İşlər paralel olaraq hər 3 anbarda aparılır.
“Köndələnçay-1” su anbarı 3,9 milyon kubmetr, “Köndələnçay-2” su anbarı 2,1 milyon kubmetr, “Aşağı Köndələnçay” su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Anbarların bərpası başa çatdıqdan sonra sudan Füzuli rayonunun həm işğaldan azad edilmiş, həm də işğal olunmamış kəndlərinin sakinləri yararlanacaq.
Quruçay mövsümi gələn çay olduğu üçün daha çox yaz aylarında sel gəlir. Ona görə də üzərində qoruyucu bənd də tikilir, sipərlər yenilənir, suaşıran beton üzlüyə alınır və su təmizləyici qurğu da betonlanır. Çayda su anbara gedəcək səviyyədən çox olarsa, bunun üçün əlavə suburaxıcı da quraşdırılır ki, onun vasitəsilə əlavə su çayın məcrasına ötürüləcək. Həm su anbarlarında, həm selötürücü kanallarda, həm də Quruçayda görülən təmir-bərpa işlərinin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.