MƏDƏNİYYƏT
FÜZULİNİN “ƏSƏRLƏRİ”NİN NÖVBƏTİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Klassik Azərbaycan ədəbiyyatı” seriyasından Məhəmməd Füzulinin altıcildlik “Əsərləri”nin üçüncü cildi “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmışdır. “Azərbaycan” nəşriyyatının 1996-ci il nəşri əsasında hazırlanmış kitabın tərtibçisi və “Füzulinin farsca “Divan”ı haqqında” ön sözün müəllifi akademik Həmid Araslıdır.
Dahi Azərbaycan şairinin bu cildə daxil edilən farsca “Divan”ındakı qəzəlləri Ə.Vahid, M.Seyidzadə, M.Mübariz, M.Sultanov, M.Şəbüstərli tərcümə etmişlər. Füzulinin azərbaycanca “Divan”ında olduğu kimi, farsca “Divan”ında da məhəbbət mövzusu ilə yanaşı, şairin həyatın acılıqlarına qarşı etirazları da diqqəti cəlb edir. Tərcüməçilər Füzuli şeirinin bədii xüsusiyyətlərini, qəzəllərin vəznini, hətta qafiyələrini belə qoruyub saxlamağa çalışmışlar.
25 min tirajla çap olunmuş kitab respublikamızın kitabxanalarına hədiyyə ediləcəkdir.