“Gələcək şəhərlərimiz üçün gənclərin birliyi” lektoriyası keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzv gənclər təşkilatları və bu sahəyə marağı olan ümumilikdə 60 gənc mütəxəssis üçün “Gələcək şəhərlərimiz üçün gənclərin birliyi” lektoriyası təşkil olunub.
Bu barədə AZƏRTAC-a NAYORA-dan məlumat verilib.
Bildirilib ki, tədbir III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı və NAYORA-nın birgə təşkilatçılığı ilə keçirilib.
Lektoriyada NAYORA-nın sədri Rafael Hacıbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova və BMT-nin Məskunlaşma Proqramının Təbliğat və tədbirlər üzrə məsləhətçisi Məleykə Tağızadə çıxış ediblər. Şəhərsalma, dayanıqlı inkişaf, iqlimədavamlı və sağlam şəhərlərin formalaşdırılmasında gənclərin rolu, rəqəmsal həllərin tətbiqi və gələcək şəhərlərin planlaşdırılması mövzularında fikir mübadiləsi aparılıb. Panel müzakirələri zamanı iştirakçılar spikerlərə ünvanladıqları suallar vasitəsilə mövzu ilə bağlı geniş məlumat alıb və fikir mübadiləsi aparıblar.
Lektoriyanın gedişi interaktiv hissə ilə davam edib. Sessiya Milan Politexnik Universitetinin tədqiqatçısı, şəhərsalma üzrə mütəxəssis Tural Quliyevin moderatorluğu ilə keçirilib. İştirakçılar qruplar şəklində “Sağlam və yaşıl ictimai məkanların dizaynı” mövzusunda konseptual layihələr üzərində işləyib və ideyalarını vizual təqdimatlar vasitəsilə nümayiş etdiriblər. Sessiya zamanı iştirakçılara şəhər dizaynında praktik bacarıqların inkişaf etdirilməsi, komanda işinin təşkili və innovativ yanaşmaların tətbiq imkanları təqdim edilib.