“GƏLƏCƏK ÜÇÜN TƏHSİL” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ MƏŞĞƏLƏLƏR KEÇMİŞ MÜƏLLİMLƏRƏ SERTİFİKATLAR VERİLMİŞDİR
Bu münasibətlə təşkil edilmiş tədbirdə nazir Misir Mərdanov çıxış edərək, ölkəmizdə informasiya və kommunikasiya sahəsində görülmüş işlərdən danışmışdır. Rəhbərlik etdiyi qurum ilə “İntel” şirkəti arasında əməkdaşlıq proqramı olduğunu söyləyən nazir, həmin proqramın 2006-2010-cu illəri əhatə etdiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, “İntel” şirkətinin “Gələcək üçün təhsil” proqramı dünyada həyata keçirilən 7 innovasiya proqramından biridir. 37 ölkədə uğurla həyata keçirilən proqrama son 5 ildə 3,5 milyon müəllim cəlb olunmuşdur.
Proqram çərçivəsində təşkil olunmuş məşğələlərdə Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları, orta məktəblərin informatika və digər fənn müəllimləri iştirak etmişlər.
“İntel” şirkətinin təhsil proqramlarının direktoru Tatyana Nanayeva müvafiq proqram üzrə bir sıra tədbirlərin də həyata keçiriləcəyini söyləmişdir.
Sonda məşğələlərin iştirakçısı olan 20 müəllimə Təhsil Nazirliyinin və “İntel” şirkətinin sertifikatları verilmişdir.